Kənan Quluzadə: “Turistləri əyləndirən insanlar olmalıdır” - MÜSAHİBƏ

  Kənan Quluzadə:  “Turistləri əyləndirən insanlar olmalıdır” -  MÜSAHİBƏ
  14 Yanvar 2019    Oxunub:15331
“İnsanların sayı iki dəfə artanda, “bahalı turistin” sayı iki dəfə artmayacaq”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin Azvision.az -a müsahibəsini təqdim edirik:
- Ötən illər turizm sahəsində bir sıra yeniliklər, inkişaf göstəriciləri və gələn turistlərin sayında artımlarla müşahidə olundu. 2019-cu ildə hansı yeniliklər olacaq və gözləntilər nədir?

- Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi üzərində qurulan 5 illik konsepsiyada hədəflər, istiqamətlər bəllidir. Burada birinci hədəf turistlərin sayını artırmaq, ikinci hədəf turistlərin məmnunluğunu təmin etməkdir. İlk növbədə yaxın illərdə hansı ölkələrdən turistlərin cəlb ediləcəyi ilə bağlı prioritet bazarlar seçilib. Bu gün üçün 18 prioritet bazar var ki, bu Asiya, Yaxın Şərq və Avropa regionunu əhatə edən istiqamətlərdir. Ölkə kimi bu həm Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Pakistan, Körfəz ölkələri, İsrail, Avropa ölkələri, həm də yaxın qonşularımız - Türkiyə, İran, MDB ölkələri, Gürcüstan və s. bazarlardır. Bu bazarlarda nümayəndəliklərimizin açılması nəzərdə tutulub. 6 nümayəndəliyimiz artıq açılıb. 2019-cu ildə isə daha 4 nümayəndəliyimiz açılacaq. 2020-ci ilin sonuna qədər Azərbaycan Turizm Bürosu 20-ə yaxın sərgidə iştirak edəcək. Ümumən xaricdə aparılan işin bir neçə vacib elementləri üzərində işləyirik. Birincisi, marketinq araşdırmalarıdır, yəni bazar və tələbatları öyrənilir, daha sonra təlabata uyğun təklif formalaşdırırıq. Əlbəttə, bazarlar fərqlidir. Avropalı turistin istədiyini Çin turisti istəmir və əksinə. Avropalı turistlərin özləri belə fərqlidir. Alman turisti ilə fransız turistləri fərqlidir. Və yaxud Rusiya daxilində turistlər fərqlidir, Moskvada yaşayan turistlə Sankt-Peterburqda yaşayan turistlər, onların tələbatları bir deyil. Buna uyğun olaraq taktika qurulur.



Xarici tərəfdaşlarımızın köməkliyi ilə “Bir daha bax” (“Take another look” – ing.) brendimizin təbliğatı ilə məşğuluq. Zənginliyin fərqliliyini göstərmək üçün yaxın illər ərzində bütün təbliğat bu brend altında olacaq. Bu gün təbliğatda böyük önəm sosial şəbəkələr və elektron mediaya verilir. Bundan əlavə, digər ölkələrin telekanalları tərəfindən Bakı və regionlarımızla bağlı süjetlər də çəkilir. Türkiyə kanallarından, Rusiyadan, Körfəz ölkələrinin televiziyalarında belə çəkilişlər gedir. Hazırda Yaponiya televiziyası Azərbaycanla bağlı çəkiliş etmək istəyir. Müasir dövrdə istifadə olunan bütün təbliğat üsullarından istifadə olunur, dünya təcrübəsindən geniş bəhrələnməyə çalışırıq.

- Turistlərin daha çox cəlb edilməsi üçün nələr planlaşdırılır?

- Qonaqların gətirilməsi üçün onların məmnunluğu vacibdir. Bunun üçün ilk hədəf onların Azərbaycana gəlişinin rahatlaşdırılmasıdır. Bu gün quru yolla və ya dəniz yolu ilə ölkəmizə gələn turistlər var. Amma əsas istifadə edilən hava yollarıdır. Azərbaycan elə coğrafi məkanda yerləşir ki, həm hamıya yaxındır, həm də uzaqdır. AZAL və “Silkway”lə artıq memorandum imzalanıb və birgə taktika formalaşdırılır ki, uçuşların sayı çoxalması ilə yanaşı, qiymətlər sərfedici olsun və bu, daha çox insanın cəlb edilməsinə səbəb olsun.



İnsftrastrukturun formalaşdırılması da vacibdir. Azərbaycanda bu gün üçün yaradılan infrastruktur kifayət qədərdir. Amma turist sayının 2 dəfəyədək çoxlamasını nəzərə alsaq, insfrastruktur artırılmalıdır. Bu, həm hotellər, həm yol, həm əyləncə mərkəzləri və s. deməkdir. Ümumiyyətlə, turistin gəlməsi, əylənməsi və dincəlməsi üçün şərait yaradılmalıdır. İnfrastruktur yaradılan zaman da müəyyən büdcəyə köklənməlidir. Bizdə daha çox bahalı infrastruktur yaradılıb, indi kiçik və orta biznes infrastrukturları yaradılır. Biz də başa düşürük ki, insanların sayı 2 dəfə artanda 2 dəfə “bahalı turistin” sayı artmayacaq. Artımda büdcə fərqlilikləri gələcək.

Kadr məsələsi çox vacibdir. Kadrlarla bağlı qıtlıqdır və peşəkarlara ehtiyac var. Kadrların hazırlanmasına ehtiyac var. Dövlət Turizm Agentliyinin tabeçiliyində 3 təhsil ocağı var - Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci, Azərbaycan Turizm və Menecment Universiteti. Turizm Universitetində ciddi islahatlar aparılır ki, şəffaf mühit yaradaq, tələbə -müəllim arasında sağlam mühit olsun. Bundan əlavə, dünya təcrübəsini daha da geniş öyrənək. Çalışırıq ki, turizm təhsili alan insan öz işinin prestijli olduğunu və işlə təmin olunduğunu hiss etsin. Bu sahədə kadrlara ehtiyac var və kadrlar işə götürüləcək.

Əhalinin maarifləndirilməsi vacibdir. Körfəz ölkələrindən gələn qonaqlarda gördük ki, cəmiyyətimizin bir qisimi fərqliliyi görməyə bir o qədər hazır deyildi. Bir qisim insanlar bu fərqliliyə kinayə ilə yanaşdılar. Amma qapılar açıldıqca bu fərqlilik çoxalacaq. İnsanlar buna öyrəşməlidirlər ki, öz üstün cəhətlərini daha yaxşı təqdim etsinlər.

Ümumilikdə 9 istiqamət görürük - kadrların hazırlanması, qanunvericiyilin təkmilləşdirilməsi, biznes güzəştləri, təbliğat və s. 5 il ərzində Dövlət Turizm Agentliyi və Türzm Bürosu olaraq ilkin hədəfə çatmaq üçün bu tədbirləri kompleks şəkilində həyata keçirəcəyik.

- İşlərə başlanılan gündən qeyd edilənlərin hansına nail olunub?

- 2016-ci ildə cənab Prezident Yol Xəritəsini təsdiqləyib. 2016-cı ildə turistlərin sayında 12 faizə yaxın artım var idi. 2017-ci ildə 20 faizdən çox artım oldu, ötən il isə 6 faiz oldu. Ümumilikdə göstəricilər 2 dəfə artırılacaq. İşlər davamlı olmalıdır. Bunun üçün də qəbul etmək lazımdır ki, turizm hamımızın birgə işidir. Turizm inkişaf etdirilən yerlərdə yerli əhali turizmə ümumxalq biznes kimi baxır. Küçədən keçən insanın mimikası də turistə mənfi və ya müsbət təsir göstərə bilər. Turist ölkəyə gələndə 35-ə yaxın insan ona xidmət göstərir. Bu, böyük kütlədir. Turistdən real olaraq bəhrələnirik. Onun gətirdiyi maliyyə hər bir insana çatımlıdır. Turizm sahəsində instrastruktur tikiləndə o maliyyə gəlirli olmaya bilər. Tutaq ki, caz klub açıldı və rentabelli deyil. Amma caz kluba gələnə qədər turist pul xərcləyir və ölkə ondan qazanır. “Bakı-caz şəhəri” deyiriksə, burada caz olmalıdır. Turist gəlib cazı tapmırsa və ya çətin tapırsa, bu, artıq imicə xələl gətirir. Misal üçün, Muğam mərkəzi rentabelli olmalı deyil. Bu sərmayədir və imici formalaşdırır. Azərbaycana gələn insan muğamı, cazı axtaranda tapmalıdır.



Şahdağda olan insrafstruktur Avropadakı bir çox yerlərdə yoxdur. Bura daha maraqlıdır. Turist Azərbaycana gəlib hoteldə qalır, axşama qədər xizək sürdü və ya nəsə elədi. 7-dən sonra nə etməlidir, yatmalıdır? Bu, artıq onun üçün darıxdırıcı olacaq. Şahdağda bu istiqamətdə işlər görülməyə başlayıb. Kinoteatr, gecə klubu, boulinq mərkəzi, musiqi mərkəzi açılıb. Bakı turist şəhəri kimi daim canlı olmalıdır. Turizmi inkişaf etdirən şəhərlərin fəlsəfəsi odur ki, 24 saat işləməlidir, canlı olmalıdır. Əyləncələrin, animatorların sayı çoxalmalıdır. Animatorlar məktəbi yaradılmalıdır ki, Azərbaycanda turistlərlə əylənən və əyləndirən insanlar olsun. İxtisaslı bələdçilərin sayı olduca azdır.

Bələdçilərin və turizm şirkətlərinin sistemləşdirilməsinə ehtiyac var. 2015-ci ildə lisenziyalar cənab prezidentin qərarı ilə ləğv edilib. Bu gün üçün turizm şirkətlərinin sayı 2000-dən çoxdur. Bu, bum deməkdir, iş yerlərinin, xidmətlərin çeşidlərin artması deməkdir. Amma heç də bütün şirkətlər götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər. Çünki kadrları, resursları yoxdur. Evdə kompüter arxasında oturub hər şeyi idarə edir. Əlbəttə, bunu bacarırsansa, əla. Amma turistə təklif etdiyin xidmətləri göstərə bilmirsənsə, imicə ziyan dəyir. Təəssüf ki, belə hadisələr də olur. Turist qayıdanda demir ki, gəldiyi tur şirkət xidmət göstərmədi, o yazır ki Azərbaycanda ona yaxşı xidmət göstərə bilmirlər. Nəticədə ölkənin imicinə xələl gətirilir. Buna görə də sistemləşməyə ehtiyac var. Bunun bir neçə mexanizminə baxılır. Baxılan mexanizmlərdə əsas ideya ondan ibarətdir ki, sistemləşmə biznesə xeyir verməlidir. Biznes canla-başla o sistemləşməyə getməlidir. Çünki ümumi iş üçün xeyir verəcək.

- Problemləri qeyd edirsiniz ki, bu işlər görülməlidir. Bəs bunlar öz həllini necə tapacaq?

- Bunun bir neçə əsas yolu var. Müəyyən yükü bu sahədə dövlət üzərinə götürür. Bizim vəzifələrimizdən biri dövlət xərclərinin optimallaşdırılmasıdır, digər tərəfdən burada biznes tərəfi də öz üzərinə düşəni etməlidir. Bunun üçün isə dövlət şərait yaratmalıdır. İnvestisiya mühiti daha əlverişli olmalıdır, vergi güzəştləri nəzərdən keçirilməlidir. Kreditləşmədə güzəştlərin edilməsi üçün dövlətin öz mexanizmləri var. Bununla da invenstisiyaların təşviqi üçün şərait yaradılır. İstəyirik və borcumuz bilirik ki, turizm sənayesində sağlam mühit yaradaq. Sərmayələr, investisiyalar uzunmüddətli olmalıdır. Sahibkar hotel tikəndə hansısa yay və qış aylarında qoyduğu pulu çıxartmağa çalışmasın, gələcəyini düşünsün. Bir günlük investisiya qeyri-ciddidir. Uzun müddətli investisiyalar üçün şərait yaradılması vacibdir. Bu, sağlam mühit, normal, əlçatan qiymətlər, rəqabət, bazar iqtisadiyyatının qanunlarının işləməsi deməkdir. Qiymət məsələsi bizdən tez-tez soruşulur və fərqlər göstərilir. Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılmasında iştirak etmir, biznes strukturu deyilik. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, bütün əhali top xidmətlərdən yararlansın. Kimsə 5 ulduzlu hotellərdə qala bilmirsə, o demək deyil ki, Azərbaycanda o insan istirahət edə bilməz. 2-3 ulduzlu hotellərdə, hostellərdə qala bilər. Belə yerlərin sayının artılması isə başqadır. Bunun üçün mühit yaradılır ki, artsın.



- Bu il az ulduzlu hotellərin sayı çoxalacaqmı?

- Biz bu sahədə müzakirələr aparırıq ki, 3 və daha az ulduzlu hotellərin tikintisinə daha geniş təkan verilsin. Bununla bağlı qərarlar da müəyyən dərəcədə var. Regionlarda 3 və daha az ulduzlu hotellərin tikilməsi üçün güzəştlərin - vergi güzəştlərinin tətbiq edilməsi gündəmdədir. Kreditləşmə aşağı faizlərlə verilsin ki, insanlar obyektləri sərfəli şərtlərlə tikə bilsin. Hər şey biznes layihələrdən asılıdır. Ümumi konsepsiya odur ki, güzəştlər edilsin və bu sahədə canlanma olsun. Azərbaycanda turizmlə bağlı əsas yük Bakının üzərinə düşür. Lakin Quba-Xaçmaz, Qalaltı, Qusar zonası, İsmayıllı-Balakən istiqamətinə qədər, Gəncə zonası, Cənub istiqamətində artıq turist axını başlayıb. Lakin orada olan infrastruktur bu günün çağırışlarına heç də tam cavab vermir.

Azərbaycanda gözəl yollar salınıb. Rayonlara rahat getmək mümkündür, amma bu rahatçılığın daha da geniş tətbiq edilməsinə ehtiyac var. Sanitar qovşaqların tikilməsindən tutaraq informasiya mərkəzlərinin genişləndirilməsi, turist dayaq nöqtələrinin yaradılması vacibdir. Biz artıq yollarda işarələnmə prosesində iştirak edəcəyik ki, turizm məkanları konkret bilinsin. Bu işlərə bu ildən başlanılır.

Biz bazarı araşdırırıq. Araşdırmalar göstərir ki, tendensiya müsbətdir. Yeni il qabağı və Yeni il ərəfəsində bir çox sosial şəbəkələrdə yazırdılar ki, “ərəblərin sayı azalıb”. Ərəblərin sayı əksinə çoxalıb. Bəlkə bizim gözlərimiz artıq onlara öyrəşib ki, görmürük. Rəqəm artımı göstərir.

- Bu gün ənənəvi turizmdən çox, aqroturizmə, ekstermal turizmə və s. daha böyük maraq var. Bu istiqamətdə ölkəmiz turistləri cəlb edirmi?

- Ekstermal turizm üçün bir çox istiqmətlərdə şərait var. Ekstermal turizmin də öz infrastrukturu olur. Bunu yaratmaq, marşuturları çəkmək lazımdır. Bunun hamısını qanuni çərçivəsini müəyyənləşdirmək lazımdır. Bu gün turizmin aktual olmadığı yerlərdə turizmin necə inkişaf etdirilməsi ilə bağlı bir neçə videoçarx hazırlanıb. Biz özmüz də Azərbaycanı yenidən tanımalıyıq. Turizm bizim üçün yeni biznesdir. Sovet dövründə SSRİ-ə daxil olan ölkələrindən gələn turistlər olub. İnsanlar əsasən Bakı, Mingəçevr, Zaqatala, Nabran, Naftalan, Duz dağa və s. gəlirdilər. Turizm anlayışı var, amma biznes kimi yeni sahədir. Sənaye indi qurulur.

- Hotellərdən, hostellərdən danışdıq. Bəs evlərini turistlərə vermək istəyənlər üçün hansısa konsepsiya hazırlanırmı?

- Mənzil fondunun istifadəsini qanunun göstərdiyi tələblərə uyğun etmək lazımdır. Ev sahibi vergi ödəyicisi olmalıdır, miqrasiya məsələsi nəzərdə tutulur və təhlükəsizlik olmalıdır. Müzakirələr gedir. Ola bilsin ki, hansısa regionda bu pilot layihə kimi tətbiq edildi və ya mənzil fondunun turistlər üçün istifadəsinin standartlaşması məsələsinə baxıldı.

Aytən Zəhra
Azvision.az



Teqlər: DTA   Kənan-Quluzadə   turizm   turist  





Xəbər lenti