Gömrük-biznes əməkdaşlığında yeni format: 7 min sahibkara “Yaşıl Dəhliz”

  10 Yanvar 2019    Oxunub : 8028
 Gömrük-biznes əməkdaşlığında yeni format: 7 min sahibkara “Yaşıl Dəhliz”
Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin iş başına gəlməsindən 10 aya yaxın vaxt keçir. Bu müddət ərzində komitədə bir sıra islahatlar aparılıb. Baş verən dəyişikliklərənəzər yetirdikdə belə qənaətə gəlmək olar ki, bütün bu islahatlar son nəticədə xidmətin daha kefiyyətli təşkilinə və gömrük-biznes əməkdaşlığının sürətli inkişafına yönəlib.
29 yaşlı Azərbaycan Gömrüyü

Azərbaycan Dövlət Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da yaradılıb. Sirr deyil ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmayıb.Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atılıb.Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilib, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olunub və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri qurulub.ÜmumənAzərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələrində inkişafın təməlini qoyan çox önəmli qərarlar, proqramlar təsdiq edib.Bu möhkəm təməl üzərində Azərbaycan yüksək sürətlə inkişaf edir.



Hazırda Azərbaycan gömrüyü yeni inkişaf mərhələsini yaşayır.Beynəlxalq ticarətdə baş verən yeniliklər, beynəlxalq ticarətin tələbləri və iqtisadiyyatın şaxələndirilmiş prinsiplər əsasında Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi yolunda Prezident İlham Əliyev misilsiz xidmətlər göstərir.Bir sözlə, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün uğurla həyata keçirilir.Bunun nəticəsində Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan qüdrətlənən, çiçəklənən dövlətə çevrilib.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə islahatların yeni dalğası isə davam edir.İqtisadiyyatın daha da güclənməsi istiqamətində yeni çağırışlara cavab verən mühüm sərəncamlar, fərmanlar imzalanır.Bunlar sahibkarlıq subyektlərinin sərbəst fəaliyyət göstərməsi üçün yeni imkanlar açır.

7 min sahibkara “Yaşıl Dəhliz”

21 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həm gömrükçülərə, həm də sahibkarlara belə demək mümkünsə, yeni il hədiyyəsi etdi. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzaladı və 2019-cu ilin fevralın 1-dən təqdim edilməsi barədə Dövlət Gömrük Komitəsinə tapşırıq verdi. Həmin tapşırığın icrası məqsədilə Dövlət Gömrük Komitəsi keçirdiyi “Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi"adlı forumda xarici ticarət iştirakçılarına “Yaşıl Dəhliz” buraxılış sisteminin təqdimatını keçirdi. İdxal-ixrac əməliyyatlarının 65-70 faizini həyata keçirən sahibkarların qatıldığı forumda vurğulandı ki, bu fərman 7 min xarici ticarət iştirakçısına töhvə verəcək.



Bu qaydaların məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli biznes şəraiti yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi vəgömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffafhəyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixracpotensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilikprinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimalistifadəni təmin etməkdir.

Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolunun yenidən tikilərək istifadəyə verilməsi, İpək Yolu güzərgahının yenidən layihə olaraq ortaya qoyulması, çox önəmli neft sektoru layihələrinin icrası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışı ticarətin asanlaşdırılmasına, sürətləndirilməsinə xidmət edir. Eyni zamanda Azərbaycanı tranzit və logistik məkana çevirir.Ölkə başçısının 21 dekabr 2018-ci il tarixli fərmanı ticarətin bütün tərəflərinə yeni bir qapıdır. Bu qapı hər bir sahibkar üçün idxal-ixrac əməliyatlarının artmasına gətirib çıxaracaq. Yəni sahibkarlar öz ofisində idxal-ixrac əməliyyatlarını sərbəst şəkildə həyata keçirməklə həm əlavə xərclərə, həm də zamanına qənaət edəcək. Ən vacibi isə logistik xidmətlərdə çəkilən xərclərin demək olar ki, sıfıra enməsinə səbəb olmasıdır. Bu sistemin tətbiqi isə fevral ayının 1-dən başlayacaq.



Bu gün Gömrük-Biznes tərəfdaşlığında könüllü riayət mədəniyyətinin əsasında gömrük siyasəti, nəzarət mexanizmindən xidmət mexanizminə keçib. Yəni gömrükdə artıq nəzarət mexanizminə yox, sahibkara xidmət siyasəti qəbul edilib. Amma burada riayət mədəniyyəti mütləq olmalıdır və bu nəyi dəyişəcək? Əgər əvvəllər gömrükdə nəqliyyat vasitəsi və mal qəbul olunub, informasiya toplandıqdan sonra bəyannamə yazılırdısa, hazırda bu siyasət tamamilə dəyişib. Birinci məlumat gəlməlidir. İkinci Gömrük Nəzarətinin Risk İdarəetmə Sistemi dəhlizi müəyyən etməlidir. Üçüncü, sərhəddə bunun əsasında keçid təmin olunmalıdır. Dördünücü, rəsmiləşdirmə həyata keçirilməlidir. Ona görə qısa idxal bəyannaməsinin tətbiq edilməsi mütləq tələbdir. 2019-cu ilin 1 fevralından başlayaraq bütün idxalatçılar məcburən qısa idxal bəyannaməsi təqdim etməlidir. Əks halda malların idxalı mümkün olmayacaq. Bu məcburidir. Çünki sürətli və komitə tərəfindən keyfiyyətli xidmət gözlənilirsə, məlumat əvvəlcədən əldə olunmalıdır.

Gömrük-biznes əməkdaşlığı yeni formatda

Fevralın 1-dən başlayaraq sahibkarlar ixrac əməliyyatlarını tamamilə “Yaşıl Dəhliz” sistemi üzərindən həyata keçirməyə dəvət olunub. Bəs bu əməliyyatlar sahibkara nə verəcək? Bu əməliyyatlar nəticəsində sahibkar gömrük məmuru görmədən, öz anbarından malları rəsmiləşdirə biləcək. Eyni zamanda gömrük məmuru görmədən gömrük təminatı tanınma nişanları, blombları vuraraq respublikanın istənilən giriş qapısından ixrac əməliyyatlarını həyata keçirə biləcək. Bütün bu fəaliyyətlərin heç birində onlar gömrük məmuru ilə təmasda olmayacaqlar. Bu şəffaflığın təmin olunması, məmur-sahibkar təmasının minimuma endirilməsinə xidmət edir. Eyni zamanı idxal əməliyyatları da eyni proseslə həyata keçirlə bilər. Bu məsələdə sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Sahibkar da könüllü riayət mədəniyyətini mənimsəməli, qanunvericilik nöqteyi nəzərindən idxal-ixrac əməliyyatları zamanı icazələrin və sertifikatlaşmaların digər qurumlarla münasibətdə əməkdaşlığını yüksək səviyyədə olmasına nail olmalıdırlar. Bunları etdikdən sonra onlar bu üstünlükdən istifadə edə biləcəklər. Bu son illərdə aparılan islahatların ən önəmlilərindəndir. Çünki yeni sistem ixrac-idxal əməliyyatlarının daha sürətli həyata keçirilməsinə şərait yaradacaq.



“Yaşıl Dəhliz” sistemindən kimlər istifadə edə bilər?

“Yaşı Dəhliz” buraxılış sistemindən istifadə hüququnu necə əldə etmək olar? Birinci, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan; İkinci, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqlarıolan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan; Üçüncü, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindənistifadə edilməklə həyata keçirən; Dördüncü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavabverən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən; Beşinci, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlıcinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş. Bu kriteriyalara cavab verən sahibkar elektron formada Dövlət Gömrük Komitəsinə müraciət edir. Komitə bir ay müddətində sənədləri yoxlayır və “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edib-edilməməsi ilə bağlı qərar verir.



Elektron gömrük sistemi və ticarət

Dünyada ticarət dövriyyəsi sürətlə artır. Ən problemli məsələlərdən biri biznes prosesi və prosedurlarının daha da mürəkkəbləşməsi, ticarət zəncirinin innovasiya yönümlü olmasıdır. Beynəlxalq ticarətin təbiəti dəyişdikcə, gömrükdə də müəyyən dəyişikliklər baş verir. Bu əsasən sahibkarlarla gömrük arasında əməkdaşlığın başqa müstəviyə keçirilməsidir. Bu gün dünya bazarı da qloballaşmağa davam edir. Bu isə ən böyük problemlərdən biridir. Çünki istehsal olunan məhsullarınrəqabətə dözümlülük qabiliyyətinin daha da möhkəmləndirilməsi , eyni zamanda hər bir məhsulun istehsalına çəkilən xərc dünyada artır. Bütün bunlar dünya gömrük siyasətinə yeni yanaşma tələb edir.Məlum olduğu kimi xarici ticarət mühiti əsasən 5 komponentdən ibarətdir. Bunlardan siyasi iradə ən vacibidir. Çünki qanunvericilik bazası mükəmməl olmalıdır. Azərbaycanda gömrük qanunvericiliyi mükəmməldir.

Bu kontekstdə elektron gömrük sisteminin yaradılması əsas prioritetlərdən biridir.Hazırda Gömrük Komitəsi vətəndaşlara 14 elektron xidmət təqdim edir. GUAM və digər ikitərəfli əməkdaşlıq platformaları çərçivəsində elektron imzanın tanınması ilə bağlı addımlar atılır. Yaxşı xəbərlərdən biri də budur ki, elektron imzanın tanınması gələcəkdə biznesə böyük töhfə verəcək. Rəqəmsal ticarət qovşağı Azexport genişlənməkdədir. Tranzitlə bağlı Avropa İttifaqının tranzit nəzarət sistemi STS layihəsi icra olunur. Elektron TİR layihəsi isə tamamlanmaqdadır. Bu layihə icra olunduqdan sonra kağız kabinetlər yığışdırılacaq və xidmət tam elektron qaydada təqdim olunacaq. Azərbaycanda elektron ticarətdə 100 faiz elektron bəyannamə sistemi tətbiq olunur. 2017-ci illə müqayisədə 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 30.74 fazi artıb. Ötən ilin 11 ayı ərzində 405 min gömrük bəyannaməsi, 1 milyon 221 minə yaxın sərnişin bəyannaməsi, 1 milyona yaxın elektron ödənişlər olub. Bu sahələrdə artım tendensiyası davam edir.



Ticarətin inkişafına innovasiyaların təsiri

Dövlət Gömrük Komitəsi İnnovasiya layihələrini 4 istiqamətdə paralel aparır. Birinci infrastrukturu inkişaf etdirir. İkinci, biznes prosesi yenidən qurur və təkmilləşdirir. Bunun nəticəsi kimi gömrük orqanlarında idarəetmə strukturu tamamilə dəyişib. Məntiqi nəticə kimi 3 Ərazi Baş Gömrük İdarəsi yaradılıb. Əgər əvvəllər bir inspektora bir neçə rəis düşürdüsə, indi bir rəisə 50-60 inspektor düşür. Yəni rəis heyətini ispektorlar əvəzləyir. Üçüncü, kadr potensialı gücləndirilir. Dördüncü, maarifləndirmə işləri aparılır. Azərbaycan bəlkə də regionda yeganə ölkədir ki, bütün perimetr, sərhəd boyu texnoloji yeniliklər iş prosesində tətbiq olunur. Bütün keçid məntəqələrində iri həcmli maşınların scan edilməsi ilə bağlı qurğularla təmin edilib. Bir ildən artıqdır ki, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya arasında dəmiryolları da scanerlərlə təchiz olunub. Ən vacib məsələlərdən biri də budur ki, bu scanerlərin şəkilləri iki nəzarət sistemində yoxlanılır. Bütün bunlar ticarətin inkişafına da mühüm töhfələr verir. Çünki bu vasitələr sürətli keçidi təmin edir. Yəni sahibkar ölkədən xaricə tez xarab olan mal ixrac edirsə, onun məhsulu keçid məntəqəsindən ən qısa zamanda keçə bilir. Yaxud da əksinə, sahibkar ölkəyə mal idxal edərkən...

Digər mühüm məsələ başqa dövlətlərdən məlumatların ölkə sərhəddinə qədər informasiyaların alınmasıdır. Bununla bağlı Ukrayna, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və Rusiya ilə tez xarab olan mallarla bağlı razılaşmalar mövcuddur. Yəni sistem elə qurulub ki, mal həmin ölkələrdən Azərbaycana yönlən kimi həm dəyəri, həm çəkisi artıq gömrükçülərə bəlli olur. Bütün bunlar gömrükdə rəsmiləşmələr zamanı sürətli keçidi təmin edir. Eyni zamanda qaçaqmalçılıq faktlarının qarşısını alır.



Elektron növbə sistemi nədir?

Bu bütün dünyada, xüsusən Avropa ölkələrində tətbiq olunan sistemdir. Şəxs sərhəd-keçid məntəqələrində sıxlığa düşməmək üçün evində növbə gözləməklə sərhəddə dəvət olunur. Azərbaycanda da Elektron növbə sisteminin yaradılması artıq layihələndirmə mərhələsindədir. Bu sistem əsasən 3 mərhələdən (növbə götür, sərhəddə get və sərhəddən keç) ibarətdir. Qeyd edim ki, bu Dövlət Gömrük Komitəsi və Dövlət Sərhədd Xidmətinin birgə layihəsidir.

Komitə sahibkarlardan nə istəyir?

Komitənin sahibkardan istəyi “Yaşıl Dəhliz” sisteminin verdiyi üstünlüklərdən faydalanmaq, özünü qiymətləndirmək, daxili koorparativ və broker sistemini yaratmaq, məlumatların gömrük sistemini əvvəlcədən ötürməkdir. Bunun üçün komitə də əlindən gələni edir. Belə ki, ticarətin asanlaşdırılaması mərkəzlərində sahibkarlara bütün şərait yaradılır ki, onlar könüllü riayət mədəniyyətini üstün tutsunlar. Bu məqsədlə 100-ə yaxın bəyannamə üzrə mütəxəssis hazırlanaraq sahibkarlara “hədiyyə” edilib.



Azərbaycan gömrüyü daim inkişafda

Yekun olaraq onu qeyd edək ki, bu gün gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində durmadan iş aparılır. Bu işdə xüsusilə üç amilə diqqət yetirilir: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bunların hər biri inkişafı zəruri edən amillərdir. Bu sahədə uğurlar var və komitənin yeni rəhbərliyi böyük uğurlar üçün daim səy göstərir.Komitənin daha mühüm hədəfi bütün dövlət orqanları ilə informasiya mübadiləsini təmin etməkdir. Sevindirici haldır ki, hazırda 18 dövlət qurumu ilə yalnız elektron məlumat mübadiləsi artıq aparılmaqdadır.

Məqalə "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

Azvision.az

Teqlər: Gömrük   Yaşıl-Dəhliz   Biznes