Azərbaycanda 5 ildə 4691 nəfər yol qəzasında ölüb

  Azərbaycanda 5 ildə 4691 nəfər yol qəzasında ölüb
  28 Dekabr 2018    Oxunub:5155
2013-2017-ci illər ərzində Azərbaycanda 11 600 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramında qeyd olunub.
Bildirilib ki, bu hadisələr nəticəsində ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olub, o cümlədən yetkinlik yaşına çatmayan 399 nəfər həyatını itirib, 1219 nəfərin isə sağlamlığına ağır və ya az ağır zərər vurulub.

Eyni zamanda son beş ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 40,0 faizini piyadaların iştirakı ilə baş verən hadisələr təşkil edib. Ümumilikdə 2013–2017-ci illərdə yolnəqliyyat hadisələri nəticəsində ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olub. 2013–2017-ci illər ərzində Azərbaycan Respublikasında yol-nəqliyyat hadisələrində ölənlərin 68,6 faizini, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin isə 68,7 faizini əhalinin 25–64 yaş arasında olan hissəsi təşkil edir ki, bu da bilavasitə aktiv əmək yaşında olan insanlar deməkdir.

Belə ki, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin 16,4 faizini, ölənlərin isə 12,3 faizini 18–24 yaş arasında olan şəxslər təşkil edib. Qeyd edilən dövrdə yol-nəqliyyat hadisələri nəticəsində əmək qabiliyyətli şəxslərin həyatını itirməsi və ya onların sağlamlığına zərər vurulması, habelə bu səbəbdən normal əmək fəaliyyəti rejiminin pozulması, infrastruktura və nəqliyyat vasitələrinə zərər dəyməsi, həmin zərərin aradan qaldırılmasına xərc çəkilməsi və digər amillər nəticəsində ölkə iqtisadiyyatına dəymiş ziyan Birləşmiş Millətlər Təşkilatının (bundan sonra – BMT) və ÜSTün tərtib etdikləri “Yol hərəkəti təhlükəsizliyinin qlobal vəziyyəti barədə hesabat”a əsasən, ümumi daxili məhsulun (bundan sonra – ÜDM) 3–5 faizi həcmində qiymətləndirilir.

Azvision.az


Teqlər: Qəza   DYP  





Xəbər lenti