“Vergi xəbərçiliyi” tətbiq olunmayacaq - Nazirlik açıqladı

 “Vergi xəbərçiliyi” tətbiq olunmayacaq -  Nazirlik açıqladı
  27 Dekabr 2018    Oxunub:13235
Son iki gündür ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb. Bildirilir ki, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər.
Vergilər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mövcud qanunvericiliyə dəyişikliklərdə və yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur.

Qeyd olunub ki, dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib.

"Hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir. Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və yalnız rəsmi mənbələrə istinad etsinlər", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti