Qıza sataşan dilənçilər - Murad Köhnəqala yazır

   Qıza sataşan dilənçilər -    Murad Köhnəqala yazır
  24 Dekabr 2018    Oxunub:7721
Bu yaxınlarda ağlamalı-gülməli bir mənzərəyə rast gəldim. Bilmirəm harasından danışım, necə izhar eləyim. Deməli, 30-35 yaşlarında, üzütüklü bir cavan Səməd Vurğun bağı tərəfdə yol kənarında dayanıb, gəlib-gedəndən 30 qəpik istəyirdi. Maraqlıdır: niyə, məhz 30 qəpik? Fikirləşdim, yəqin o, bu rəqəmlə insanların xəyalında metropulu, yaxud da avtobuspulu assossasiyası yaratmaq yolunu seçib. Yəni, mən dilənçi deyiləm, sadəcə, birgünlük çətinliyə düşmüşəm.
Səbirsiz halda adamlara yaxınlaşaraq tezcə pul toplayıb aradan çıxmaq arzusunda olduğu sezilirdi. Üz-gözünün əzgin olmasından başa düşülürdü ki, ona təcili araqpulu lazımdı, sonrası da nə olar-olar. Bu heç, özü bilər, necə istəyir, eləcə də yaşasın. Di gəl, yanından qadın keçən kimi dili dinc durmur, “xanım, pulun düşdü” deyib, onları arxasına boylanmağa vadar edir və bu məharətindən məmnun-məmnun gülür, cəzasız şəraitindən həzz alırdı. Kişinin oğlu həm yolda durub pul “qazanır”, həm də keçən qadınlarla “kef eləyirdi”.

Düşünürdüm, gör, bizim cəmiyətdə qadının imici nə qədər aşağı düşüb ki, artıq onlara dilənçi də sataşa bilir. Həm də, hər sahədə olduğu kimi, dilənçi də öz işi ilə məşğul olmur. Adama deyərlər, nə qadına sataşan çıxmısan, dilənçisən, get bir küncdə dayan, dilənçiliyini elə! Yoxsa, bu nədi, hansı gününə hırıldayırsan?

Bu hadisənin oxşarlarına da çox rast gəlmişəm şəhərdə. Əlində əzik-büzük gül dəstəsi tutub satan, öz halından xəbərsiz başqa birisini də “28 May” metrostansiyasının girişində görmüşəm. Bu arsız həm onun-bunun qabağına yüyürüb gül almağı təklif edir, həm də yanından keçən qızlara “gözəl qızlara pulsuzdu” deyə anqırırdı. Baxdım ki, bu qanmaz gənc düşdüyü durumun psixoloji ağırlığını belindən atmaq üçün özünü arsızlığa vurub. Guya, bunun işi o qədər ürəkaçan, o qədər romantikdir ki, hətta bir ucu gedib gözəl qızlara da dirənə bilər. Yadıma feysbukda sümsünən düşüklərimiz düşdü.

Feysbuk demiş, bir dəfə öz səhifəmdə dostlara müraciətlə yazmışdım ki, mağazaların qarşısında dayanıb, ətir kağızı paylayan gənclərdən o reklam kağızını götürün, çünki onların əksəriyyəti günəmuzd işəyən tələbələrdir. İzləmə kameraları altında fəaliyət göstərdiklərinə görə həmin reklam kağızlarını ötüb-keçənlərə paylamalıdılar. Buna görə, mağazaya girib ətir almasanız da, o kağızları götürməkdən imtina etməyin.

Bu statusumun altına çoxları rəy yazaraq, bildirdilər ki, biz bunu bilməmişdik, yaxud, fikir verməmişdik, etinasız olmuşduq, indən belə harda rastımıza düşsə kağızlarını alıb bu yolla onlara yardımçı olacağıq.

Bu statusu yazmağımdan təxminən, bir ay keçmiş olardı, Azadlıq prospekti ilə üzüyuxarı qalxırdım. Oradakı ətir mağazalarının birinin qarşısında ətir kağızı paylayan bir gənc oğlanın anormal hərəkətlərinə görə dayanıb, onu kənardan müşahidə eləyəsi oldum. Demək, gözünə döndüyüm bu gənc görməmiş tək-tək gedən qızların qabağını kəsir, yan qaçanların arxasınca xeyli addımlayır, hətta bəzilərindən telefon nömrəsi də istəyirdi. Onun bu heyvərəliyinə əsəblərim dözmədi, yaxınlaşıb dedim, niyə belə ədəbsiz hərəkətlər eləyirsən, o qızdan niyə əl çəkmirdin, axı, sənə başqa iş tapşırıblar? Qayıdıb mənə nə desə yaxşıdı? Dedi, dayı, narahat olmaginən, o qız qohumumdu. Bicbalanın dərhal “bəstələdiyi nəğmə”yə bax: “qohumumdu”. Dedim, ayə, utanmaz, nə qohum, yazıq qız səndən canını zorla qurtarıb qaçmadımı? Təzədən yeni bir yalan danışıb məni tam hövsələdən çıxartdı: “Ağsaqqal, narahat olma, özü mənə deyirdi ki, dərsə gecikir, onçun qaçırdı”.

Adamın gənc yaşında bu qədər sırtılıb sürtüldüyünə mətəl qaldım. Fikirləşdim, gör haa, yiyəsizlikdə bunun əlinə bir qadın keçsə, ətini şişə çəkərmiş! İstədim girib mağazanın müdirini tapam və bu sürtüyü ordan qovduram. Ancaq o sürtük sifəti bir də görməmək üçün fikrimdən daşındım.

Baxırsan, öz işi ilə məşğul olmayan nə qədər Usta Zeynal növü var cəmiyyətimizdə.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti