“Bu, 20 ilin ən yüksək göstəricisidir” - İnam Kərimov

 “Bu, 20 ilin ən yüksək göstəricisidir” -  İnam Kərimov
  24 Dekabr 2018    Oxunub:4809
Göstərilən geniş miqyaslı dövlət dəstəyinin nəticəsi olaraq yola saldığımız təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən olub. Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.6%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6.6%, heyvandarlıq məhsullarının istehsalı isə 2.7% artıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Nazir bildirib ki, qeyd edilən dövrə dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən (qarğıdalısız) 3059.9 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.7% çox məhsul götürülüb, orta məhsuldarlıq 29.2 sentner/ha təşkil edib.

"Bu il həm də yüksək əlavə dəyərin yaradıldığı ənənəvi sahələrin davamlı inkişafına nail olunması baxımından da əlamətdar olub. Dekabrın 21-i tarixinə olan operativ məlumatlara əsasən qəbul məntəqələrinə 228.5 min ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə pambıq əkini sahəsinin az olmasına baxmayaraq, 21 min ton daha çox pambıq tədarük edilib. Hazırda sahələrdən pambıq yığımı davam edir.

Cari ildə 514 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 2.1 dəfə çox olmaqla son 20 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5.7 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13.3% çoxdur. 2018-ci ilin yanvar-noyabr aylarında təxminən 889.4 min ton kartof (əvvəlki ilin müvafiq dövrü səviyyəsində), 1446.6 min ton tərəvəz (5.6% çox), 998.4 min ton meyvə və giləmeyvə (8.1% çox), 154.8 min ton üzüm (6.2% çox) istehsal edilib, 868.6 ton yaşıl çay yarpağı (12.5% çox) yığılıb, diri çəkidə ət istehsalı 3.0% artaraq 463.6 min ton, süd istehsalı 2.8% artaraq 1899.0 min ton təşkil edib".

İnam Kərimov qeyd edib ki, il ərzində 41.6 min hektar ərazidə təkrar əkin aparılıb, təkrar əkin aparılan sahələrin həcmi ötən illə müqayisədə 14.2% çox olub. Ümumilikdə təmiz herik şumu da daxil olmaqla 1057.2 min hektar sahə payızlıq əkin üçün şumlanıb. Gələn ilin məhsulu üçün 876.2 min hektar ərazidə dən üçün payızlıq bitkilər əkilib. Nəticələr ötən illə müqayisədə çoxdur, aqrotexniki qaydalara düzgün əməl olunması istiqamətində aparılan monitorinqlərin nəticələri növbəti ildə orta məhsuldarlığın daha da artacağını deməyə əsas verir.

"Həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb. Bu ilin ilk 10 ayı ərzində 63.8 milyon dollar pambıq lifi və 19.1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2.3 dəfə və 41.2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205.6 milyon dollar olmaqla artım 7.9%, təzə tərəvəz ixracı 169.2 milyon dollar olmaqla artım 6.8% təşkil edib. Bundan əlavə 29.6 milyon dollar kartof (artım 14.7%), 6.2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50.6%) ixrac olunub".

Azvision.az


Teqlər: KTN   İnam-Kərimov  





Xəbər lenti