“Gülnar pis yolda idi, ailəsi ondan imtina etmişdi” - Qətlin təfərrüatı

  “Gülnar pis yolda idi, ailəsi ondan imtina etmişdi” -    Qətlin təfərrüatı
  20 Dekabr 2018    Oxunub:24515
Ucar rayonu, Qaradağlı kəndində dəhşətli qətl hadisəsi baş verib. Bir neçə gün əvvəl itkin düşdüyü deyilən 31 yaşlı Gülnar Həşimovanın başı kəsilmiş halda meyiti su kanalının yaxınlığından tapılıb. Polisin araşdırması zamanı məlum olub ki, qətli mərhumun yaxın qohumu 26 yaşlı İlkin Çıqqarov törədib.
Qaradağlı kənd sakinləri Azvision.az -a bildiriblər ki, Gülnar Həşimova yüngül həyat tərzi keçirib, bu səbəbdən ailə üzvləri ilə əlaqəsi olmayıb.

Qaradağlı kəndinin icra nümayəndəliyinin rəsmisi Vahid Abdullayevin sözlərinə görə, Gülnarı öldürən şəxs onun əmisi nəvəsidir.

“Gülnarı qətlə yetirən oğlan onun əmisi oğlu yox, əmisi nəvəsidir. Əmisigil Bakıda yaşayırlar. Gülnarın təxminin 10 yaşında oğlu var. Heç vaxt rəsmi evli olmayıb. Eşitdiyimizə görə, qeyri-rəsmi kiminləsə yaşayırdı. Bir bacısı, bir qardaşı var, Gülnar yüngül həyat tərzi keçirdiyinə görə onunla danışmırdılar, imtina etmişdilər. Atası çoxdan ölüb, anası isə onlardan ayrılıb”.



Abdullayevin dediyinə görə, Gülnar heç yerdə işləməyib: "İlkin onlarla qapı qonşudur. Evlərinin arasında çəpər var. Bütün günü bir yerdə olublar. Uşaqlıqları bir yerdə keçib. Oğlan da işləmirdi, tufeyli həyat yaşayırdı. Qız da pis yolda idi. Hadisə barədə ayın 17-də məlumat aldıq. İlkinin onu hansı səbəbdən öldürdüyünü dəqiq bilmirik. Bildiyimiz odur ki, ikisi də normal həyat yaşamırdılar”.

Qeyd edək ki, Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.



Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ucar   Qətl  





Xəbər lenti