2018-ci ildə Azərbaycanda nələr baş verdi?

  23 Dekabr 2018    Oxunub : 4006
2018-ci ildə Azərbaycanda nələr baş verdi?
2018-ci ildə Azərbaycanda bir çox hadisələr baş verdi. Növbəti prezident seçkiləri, hökumətdəki kadr islahatları, Gəncə hadisələri və ölkəni qaranlığa qərq edən Mingəçevir olayını buna nümunə göstərmək olar. Təbii ki, geridə qoymağa hazırlaşdığımız ilin xronologiyası bununla bitmir.
Azvision.az 2018-ci ilin xronologiyasını aylar üzrə təqdim edir:

Yanvar ayı



Yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışı baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görülən işlərlə tanış olub.



Yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.



15 yanvar tarixində Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycana işgüzar səfər edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib.



Yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan (Ermənistanın o zamanki XİN rəhbəri) arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.



Yanvarın 19-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.



Yanvarın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumunda iştirak edib. Bir sıra dövlət başçıları və şirkət rəhbərləri ilə görüşlər keçirib.

Fevral ayı



Fevralın 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya səfər ediblər. Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçiriblər.



Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 54-cü Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Mart ayı



Martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Korpusda olan 55 nəfərdən 30-u xilas edilib, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar olunub.



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-də başa çatıb.



Martın 12-də Gürcüstanın o vaxtki baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfcər edib. Ölkə başçısı İlham Əliyev baş naziri qəbul edib.



Martın 15-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.



Martın 20-də Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.



Martın 28-də İran Prezidenti Həsən Ruhani Azərbaycana gəlib. O, Azərbaycan prezidenti İlham Əliyevlə, tətbətək və geniş tərkibdə görüşlər keçirib. Daha sonra Bakıda Azərbaycan-İran biznes forumu baş tutub.

Aprel ayı



Aprelin 5-də Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.



Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.



Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Müdafiə Nazirliyindən bildirilib ki, bu hadisə Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.



Aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Hökumətin tərkibində bir sıra dəyişikliklər olub. Bəzi nazirlik və komitələrə yeni rəhbərlər təyin edilib.



Aprelin 25-də Ankara şəhərində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

May ayı



Mayın 14-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.



Mayın 15-də xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.



Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.



Mayın 21-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfər edib. Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təbətək və geniş tərkibdə görüşlər keçirilib.



Mayın 24-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 634 nəfərə şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.



Mayın 31-də Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç başlayıb.

Qeyd edək ki, ikinci mərhələdə kənddə 100 ev inşa olunub. Bununla da Cocuq Mərcanlıda fərdi yaşayış evlərinin sayı 150-ə çatıb.

İyun ayı



İyunun 12-də Azərbaycanın həmmüəllifi olduğu daha bir qlobal layihənin açılışı olub. Türkiyənin Əskişəhərində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

Bildirək ki, boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Layihənin dəyəri 8 mlrd. ABŞ dollarıdır. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Layihə 2020-ci ildə tam işə düşməlidir.



İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin başçısı Vladimir Putinlə görüşüb.



26 iyun Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib.

İyul ayı



İyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkənin enerji təchizatında ciddi problemlər yaşanıb.



İyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. İyulun 10-da isə 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olublar.



İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirib.



İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının paytaxtı Brüssel şəhərinə gedib. Dövlət başçısı Brüsseldə NATO-nun Zirvə toplantısında iştirak edib.



İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham ƏliyevAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirak ediblər. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovAvropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalayıblar. Sənədin paraflanması ilə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri barədə sənədin mətni üzrə danışıqlar yekunlaşıb.



İyulun 11-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ermənistanlı həmkarı Zohrab Mnatsakanyan arasında görüş keçirilib.



İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.



İyulun 17-də İtaliya prezidenti Sercio Mattarella Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşlər keçirilib.



İyulun 19-da Azərbaycan Respublikasının prezident İlham Əliyev prezident Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib. Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub.

Avqust ayı



Avqustun 9-da Tacikistan Respublikasının Prezidenti Emoməli Azərbaycana rəsmi səfərə gəlib .



Avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsrəfilov Samit Ədalət oğlu yaralanıb.



Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov iştirak edib. Toplantıda 5 prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.



Avqustun 25-də Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kanslerinin təkbətək və geniş tərkibdə görüşü baş tutub. Liderlərin iş adamları ilə də görüşü olub.



Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

Sentyabr ayı



Sentyabrın 1-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin başçısı Vladimir Putinlə görüşü olub.



Sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.



Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.



Sentyabrın 6-da Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.



Sentyabrın 5-də İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



Sentyabrın 13-də Azərbaycan Prezidenti İsrail Dövlətinin o zamanki müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.



Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edərək nitq söyləyib.



Sentyabrın 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.



Sentyabrın 26-da Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib.



Sentyabrın 27-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına işgüzar səfər edib. IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.



Sentyabrın 27-də Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.



Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.



Sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Bundan əlavə, tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Oktyabr ayı



Oktyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur. Zavodun ilk 5 ildə hər il 852 mln. dollar, növbəti 10 ildə isə 613 mln. dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.



Oktyabrın 24-də prezident İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.



Oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev forumda iştirak edib.



Oktyabrın 29-da İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Noyabr ayı



Noyabrın 1-də Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.



Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfərə gedib. Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun təkbətək və geniş tərkibdə görüşləri olub, önəmli müzakirələr aparılıb.



Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfər edib. Ölkə başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək və geniş tərkibdə görüşlər keçirib.



Noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dekabr ayı



Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: 2018-ci-il   Ölkə   Siyasi   Hadisə   Olay