Bakıda 2000-dən çox ağac əkilib

Bakıda 2000-dən çox ağac əkilib
  12 Dekabr 2018    Oxunub:3285
Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ting əkilib.

Qeyd edək ki, noyabrın 21-dən başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib.

Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.

ETSN vətəndaşlardan qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat vermələrini xahiş edir.


Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti