Nə oyunlar qurulsa da, Azərbaycan uduzmayacaq, çünki...

  28 Noyabr 2018    Oxunub : 13847
 Nə oyunlar qurulsa da, Azərbaycan uduzmayacaq, çünki...
Elşən Musayev
Milli Məclisin deputatı
Bu gün dünyada, post-sovet məkanında və ələlxüsus, Qafqaz regionu ətrafında gedən prosesləri görüncə əziz dostum və deputat həmkarım, tanınmış cərrah Rəşad Mahmudovun digər həmkarımız Nəriman müəllimin üzərində apardığı cərrahi əməliyyatı təsvir (nəql) etməsini xatırlayıram:

“Başqa bir həkim dostumuz tərəfindən “anju” olunmuşdu. Mən də axşamüstü gəlmişdim yoluxmağa, hal-əhval etməyə. Palatada 5-10 dəqiqə danışmışdıq, bir baxdım huşu getdi və təbii, adamı zaman itirmədən açıq ürək əməliyyatına aldıq. Açdım ürəyi, damar deşilməsi vardı. Elə onu həll etmək istəyirdim, aortaya gedən əsas kanalın həcm və sayının anadangəlmə anormal olduğunu sezdim – bu səbəbdən istiqamət iki tərəfə yönəldi. Yəni, təzə damar çəkməliyəm, başqa yol yoxdur. Və bu iki yönə baş qarışmışdı ki, yeni bir fors-major durum bizi şok etdi: ürəyin üst qatı öz-özünə, lay-lay parçalanmağa, dağılmağa başladı. Burdan tikdik, ordan süzüldü, ordan tikdik burdan. Üstəlik, məlum vəziyyətdə qaraciyəri, böyrəyi, ağciyəri qoru görüm, necə qoruyursan. Hələ heç kənardan min dənə məsləhət verən, yol göstərən haqda danışmıram. Getsin o zillət, bir də qayıtmasın...”

Qlobal siyasətdə də durum təxminən bu cürdür. Eynən Nəriman müəllimin (bir zamankı) ürəyi kimi. Burdan tikirsən, ordan sökülür, sağdan ilmə atırsan, soldan sap dartımı var. Məntiq gedib işinin dalınca. Prosesləri idarə etmək, gözlənilməz, hesablanmayan həmlələri önləmək üçün dövlətin başında duran Liderin individual bacarığa, fərdi keyfiyyətlərə malik olmasından savayı çarə yoxdur!

Müstəqil şəkildə dövlət olaraq öz əyninə libas biçməyin, onu kimsədən ehtiyat etmədən geyinməyin, məqbul bildiyin tərzdə addım atıb yeriməyin nə olduğunu pafoslu siyasətçilər, dırnaqarası “politoloqlar” bilməz. Bilmədiyi üçün də anlamaz. Balanslı siyasət – yıxılmamağın, əyilməməyin rəmzidir. Dövlətin də şəxsiyyəti, siması, qüruru olur və biz bu qədər “canavar”ın əhatəsində öz müstəqil siyasətimizi davam etdirə, haqqında danışdığım simanı qoruya bilmişiksə bu İlham Əliyevin hesabınadır, bu Onun xidmətidir. Birmənalı şəkildə!

Bizə qarşı hazırda yenidən “ekvalayzer oynaması” xətti yürüdülür. Paşinyanın səsini azaldıb, Saakyanınkını artırıblar. Azərbaycan Prezidenti İlham Əliyev üzv olmadığımız KTMT üzərindən Ermənistanı öz rəsmi müttəfiqləri vasitəsilə necə seytnot vəziyyətinə salıbsa, qarşı tərəf özünə təcili “ayıq sürücü” xidməti axtarır. Qondarma rejimin sükan idarəçiliyində özlərinə aid protez əl belə yoxdur. Hamısı yad barmaqlar, yad biləklərdir və ona görə də paralel xətdə KTMT məğlubiyyəti ATƏT-in Minsk qrupunun vasitəsilə sığortalanır. Ən azından buna cəhd edilir. Ki, Ermənistan məlum cinahdan necə təkləndisə, Azərbaycanın da başını Dağlıq Qarabağ konfliktini həll etməyə məsul olan və bu missiya qrupuna daxil dövlətlərin qeyri-adekvat hərəkətləri ilə qatsınlar. Bəli, hərənin öz balansı var. Bunlarınkı da belədir. Ədalətdən kənar – maraq balansı!

ATƏT-in Minsk qrupu ilə bağlı bir sıra şərhlər oxudum. Şəxsi qənaətimsə budur: Nə dövlətlər dəyişsin, nə də fərd olaraq subyektlər. Tək dəyişəsi şey təlimat və əsasnamədəki 2 hərfdir. “Münaqişənin həll edilməsinə yönəlik fəaliyyət” cümləsinin “edilməsi” sözünə “mə” artırılsın, vəssalam. Olsun, “edilməməsi”. Bütün mübhəmlərə də tam aydınlıq gəlsin. Çünki Ermənistan kimi işğalçı, vandal siyasət yürüdən dövlətin quyruq bulayanı olan bir rudiment qurumun rəhbərinə viza vermək, onun gəlişini-gedişini, görüşlərini demokratiya və Beynəlxalq hüquq prinsiplərinə hayqırı formasında seyr etmək kənardan ədalət anlayışının Qaşıqçı kimi şaqqalanmasına bənzər asosiasiya yaradır. Saakyan kimi cəllad xislətlinin Xocalı qətliamını, soyqırımını tanıyan Parlamentlərin 100 km-lik radiusunda belə hərlənməsi absurddur. O ki qala, hələ rəsmi qiyafədə keçirilən separat görüşlər olsun. Bu adamın təyyarənin göyərtəsində Avropa məkanının hava axınına girməsi, ətrafa demokratiya dərsi keçən Beynəlxalq Təşkilatların, özündənmüştəbeh qurumların, yarımmaili təsisatların həndəvərinə belə fırlanması hüquq adına, ümumbəşəri dəyərlər adına xəyanətdir!

Dekabrın 9-da Qərbə yönəlik Paşinyan üçün Rusiyanın hazırladığı surprizin nə olacağını mərak edirəm. Ayın 6-sı KTMT-nin baş katibliyinə, 3 gün sonra isə Ermənistan Parlamentinə növbədənkənar seçkilərdir. Xaçaturov məsələsində belə Putinin tövsiyələrini dinləməyən Paşinyana siyasi qapazın vurulacağı dəqiqdir. Sadəcə şappıltının miqyasını indidən təyin eləmək olmur. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan qüvvələr təbii, onu da hesablayıblar ki, Qarabağ klanı arasında onsuzda nüfuz sahibi olmayan Paşinyanı elə bir azca süni oksigen verilmiş Saakyanın əli ilə vursalar paralel tərəfdən Azərbaycan üçün də “qəfil müharibə” fürsəti yaratmış olacaqlar. Bu səbəbdən Amerika və Fransadakı erməni lobbisinin vasitəsilə süni “viza skandalı”nı siyasi səhnəyə dövr etdilər. Mizanda diplomatiya qarşıdurması hərb perspektivindən daha ağır gəlsin deyə.

Təsəvvür edin, Ukrayna tarım vəziyyətdə. Gürcüstan prezident seçkilərində ikinci mərhələnin artan həyəcan dinamikasına doğru irəliləyir. Ermənistan da eyni durumda. Regionda bir qalır “islah” olunmamış Azərbaycan. “Dərin dövlət”in, məkrli Sorosun, səfirlik və Beynəlxalq Təşkilatlarda yetişdirilən agentura şəbəkəsinin 2003-cü ildən bəri ölkəmizə yeritdiyi emissarlar zaman-zaman dövlətin gücü qarşısında aciz qalıb, onların bütün nəfəslikləri qanuni şəkildə qapanıb, pul mənbələri ifşa olunub. Saakaşvili ssenarisi və sindromu Azərbaycan üçün də biçilmişdi, fəqət həmin saxta tamaşanı oynamaq üçün “uğurlu” kadr tapılmadı. Bu ilin aprelində keçirilən erkən seçkilər isə oktyabrın sonuna top-tüfənglə, saxta kompromatlarla hazırlaşan məlum camiənin arzusunu ürəyində qoydu. Ona görə də Azərbaycanın müstəqil ruhuna və davranışına qarşı təbii qıcıq var və bu qıcıq artıq peşəkar formada deyil, Avropada yaşayan hansısa narkomanın, hüquq müdafiəçiliyi adı altında mənəvi terrorla məşğul olan qrupun əli ilə, çox kustar formada ifadə olunur.

İlham Əliyev postsovet məkanında mövcud dövrün ən parlaq, ən praqmatik siyasətçisidir. O, hələ Avropa Şurasında nümayəndə heyətimizə rəhbərlik etdiyi dönəmlərdən 5-li və 6-lı standartların yaranışını canlı-canlı seyr edib, Qross kimi pərdəarxası dəllalların – dirsək göstəriləndən sonra çönüb necə demokrat olmalarına şahidlik edib, “Human Rights Waths” qəbilində olan saxta hüquq və azadlıq təşkilatlarının hansı qapılar arasında quyruq buladıqlarını təsbit edib, prinsipial olmadan saxta demokratların iribuynuzluları qarşısında tab gətirməyin mümkünsüzlüyünü əxz edib. Ona görə möhkəmdir, adekvatdır, hamının danışıq dilini, hamı ilə davranma mexanizmini bilir. Bizim Ermənistan üsullu saxta inqilablardan sığortalanmağımızın, zamanında narıncı portağal kimi sıxılmamağımızın, Ukrayna formatında aldanmamağımızın, Gürcüstan sayaq gündə bir yön, bir idarəçilik sistemi dəyişməməymizin səbəbi Odur, Onun peşəkarlığıdır, Onun varlığıdır!

Yəni, dövlət idarə etmək bu xarakterdə olan KİŞİlərin işidir, Rauf Arifoğlunu feysbuk səhifəsindən siləcək qədər bəsitləşən İlqar adlı avantüristin, Kərimli soyadında romantikin deyil!

Prezidentin uğurlu Belarus və Türkmənistan səfərlərinin ardınca Saakyan təəssübkeşlərinin düzənlədiyi “viza oyunu”na cavab isə gecikməyəcək. Buna adım qədər əminəm. Sadəcə bir az zaman gərək.
Nə bilim, məsələn, dekabrın 6-na qədər...

Teqlər: