“Təhsil sahəsində hələ də neqativ hallar var” - Əli Əhmədov

“Təhsil sahəsində hələ də neqativ hallar var” -  Əli Əhmədov
  28 Noyabr 2018    Oxunub:16662
"Dövlətin siyasəti və prezidentin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymətin verilməsi başlıca xətti təşkil edir. Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Müəllimlərinin Qurultayında çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.

O, qeyd edib ki, müəllimlərin sosial həyat səviyyəsinin və tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır: "Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq. Azərbaycan cəmiyyəti bu islahatların faydalarını görməkdədir. Gələcəkdə təhsil sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması, təhsilin inkişafının yeni mərhələsində müasir çağırışlara daha yaxşı cavab verməsi üçün əhəmiyyətlidir. Zənginliyə və yüksək inkişafa çatmış hər bir ölkə bunun üçün təhsilə, elmə borcludur. Təhsilin milli sərvətə çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabət qabiliyyətinin artırılmasıdır. Ölkələr arasında gedən rəqabət mübarizəsində təhsilə, yeni texnologiyaların inkişafına önəm verən, böyük sərmayələr yatıranlar qalib çıxacaq".

Baş nazirin müavini bildirib ki, təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabət qabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir.

"Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşımızda duran digər vəzifələrdəndir. Yüksək təhsilli biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən 3 dəfə çox əmək haqqı alırlar. Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində, onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir. Azərbaycanda təhsilli insanların öz bacarığını nümayiş etdirməsi 60 faiz civarındadır. İnkişaf etmiş ölkələrdə isə bu 80 faizdən yuxarıdır. Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir".

Ə.Əhmədov qeyd edib ki, məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir: "Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci bir tərəfdən təhsilə qoyulan vəsaitin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır. Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik. Cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor hesab edirəm ki, təhsil sahəsindəki neqativ hallardır. Təəssüflə bildirirəm ki, bu sahədə neqativ halları tam aradan qaldıra bilməmişik. Təhsil sahəsində hələ də neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşımızda vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov   Təhsil   Qurultay  





Xəbər lenti