Rasim Ocaqovun yaradıcılıq studiyası açıldı

  22 Noyabr 2018    Oxunub : 21365
Rasim Ocaqovun yaradıcılıq studiyası açıldı
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) 85 illiyi münasibətilə dahi sənətkarın Yaradıcılıq studiyasının açılış mərasimi keçirilib.
Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, Rasim Ocaqovun ailə üzvləri iştirak ediblər.

Yaradıcılıq studiyasında bir zamanlar burada dahi sənətkar işləyərkən olan ab-hava yaradılıb: otaqda iş və yazı masası, stolüstü lampa, qələm, qənd qabı, siqaret, külqabı, operator kamerası, divarda isə kinofilmlərdən fotolar.

Rasim Ocaqovun adı milli və sovet kinematoqrafiyasına qızıl hərflərlə yazılıb. Onun operatoru olduğu "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Bir cənub şəhərində" və digər filmlər, eləcə də rejissoru olduğu "Qatır Məmməd", "Tütək səsi", "Ad günü", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq", "Təhminə", "Otel otağı" kimi filmlər milli kino tariximizin unudulmaz səhifələridir.

O, SSRİ Dövlət mükafatına layiq görülmüş yeganə azərbaycanlı rejissor olub ("İstinataq" filimi, 1979).

"Azərbaycanfilm"in direktoru Müşfiq Hətəmov qonaqlara Yaradıcılıq studiyası haqqında məlumat verib:

"Rasim Ocaqovun Yaradıcılıq studiyası "Azərbaycanfilm"in tanınmış rejissorlarının işlədiyi iş otaqlarının bərpa edilməsi layihəsi çərçivəsində təşkil etdiyimiz ilk studiyadır. Daha öncə Moskvada rejissor Əlisəttar Atakişiyevin məzarı üstündə bərpa işləri aparılıb. Layihə çərçivəsində görkəmli rejissorlarımızın işləyib yaratdığı 6 otaq bərpa edilib yaradıcılıq fəaliyyəti üçün gənc rejissorların ixtiyarına veriləcək. Beləliklə bizim kino xadimlərimizin yaradıcılığına ehtiram olaraq özünəməxsus bir kinopark və müzey mərkəzi yardılmış olacaq ki, bu da istedadlı gənclərin yaradıcı inkişafına təkan vermiş olacaq. Bizim planlarımızda eləcə də milli kinematoqrafiyanın rekvizitlərini özündə birləşdirən müzeyin yaradılması var".

Dahi rejissorun 5 filmində rol almış Xalq artisti Hacı İsmayılov da öz xatirələrini qonaqlarla bölüşüb:

"Məhz Rasim Ocaqovun sayəsində mən aktyor olmuşam. 1977-ci ildə "Ad günü" filmində ilk və əsas rolumu ifa edərək Azərbaycanın Dövlət mükafatına layiq görüldüm. Onun filmlərində çəkilmək mənim üçün böyük xoşbəxtlik idi, belə ki, bu filmlərdə mən yalnız rolu ifa etmirdim, həm də yaşayırdım. Rasim Ocaqov cox məsuliyyətli insan idi, həm də öz işinin ustadı idi, milli kinomuzun inkişafında əvəzolunmaz xidmətləri olan sənətkardır. Onun filmlərində yalnız yerli deyil, həm də məşhur əcnəbi aktyorlar da çəkilirdi ki, bu da onun böyük rejissor kimi nüfuzundan xəbər verir. O həmişə deyirdi ki, Azərbaycan filmi çəkir! Bütün filmləri riyazi dəqiqliklə çəkilirdi, bir dənə də olsun əlavə kadr, söz ola bilməzdi, hər sözün mənası var idi, ona görə də filmləri hələ də sevilir. Hər dəfə onun filmlərinə baxarkən Rasim Ocaqov dühasının, insanpərvərliyinin yüksək peşəkarlığının yeni zirvələrini kəşf edirsən. Bax belə şəxsiyyət idi o! Bir də o, mənə doğma Şəki şəhərinə olan məhəbbətini aşılayıb ki, bu günə qədər də mənim qəlbimdə yaşayır, Allah Rasim Ocaqova rəhmət eləsin!"

Rasim Ocaqovun “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” filmlərinin direktoru Nazir Əliyev isə bildirib: “Rasim Ocaqovun işlədiyi” Yaradıcılıq studiyasının açılışı bizim mədəniyyətimiz üçün əlamətdar hadisədir. 15 il biz bir yerdə işləmişik, ağır şəraitdə bu gün milli kinomuzun qızıl fonduna daxil olan filmləri çəkmişik. Bu otaqda kimlər olmayıb, məşhur rejissorlar, aktyorlar, burada yaradıcı mübahisələr olurdu və layihələr qurulurdu. Elə o vaxt Rasim Ocaqov milli kinonu qorumaq üçün “Ocaq” studiyasını yaratdı və məni direktor olaraq bura dəvət etdi. Həmin dönəmlər milli kinematoqrafiyamızda çox çətin dövr idi, ağır şəraitdə “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” filmlərini çəkdik. Rasim Ocaqov öz məktəbini yaratdı, milli kinonun qorunması və inkişafına böyük töhfə verdi və onun şedevr filmləri bu gün də milyonlar tərəfindən sevilir. O, həmişə bizim qəlbimizdə yaşayacaq, onun yaradıcılığı gənc nəsl üçün məktəb olacaq, filmləri isə həmişə onu bizə xatırladacaq".

Azvision.az

Teqlər: