“Xaricdə təhsil alan tələbələrə imtiyazlar verilib”

 “Xaricdə təhsil alan tələbələrə imtiyazlar verilib”
  21 Noyabr 2018    Oxunub:16546
“Kənd təsərrüfatı istiqaməti üzrə ikili proqramın tətbiq olunması ilə bağlı müraciət daxil olub. Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlara başlamışıq”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, İT sahəsi üzrə ikili diplom proqramının təsis edilməsi barədə konkret müraciət var: “Təhsil sahəsi ilə bağlı psixologiya və təhsilin idarə olunması üzrə magistr proqramı ilə bağlı müraciətlər daxil olub. Bütün müraciətlər dəyərləndiriləcək və qeyd olunan meyarlara uyğun qiymətləndiriləcək”.

C.Bayramov süni intellekt sahəsində təhsil alınması məsələsinə də toxunaraq bildirib ki, bu, çox aktual mövzudur: “Gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq həmin təhsil proqramı üzrə məlumat toplamalıdır. Dövlət proqramın maliyyələşməsinə yardım edə bilər”.

Nazir xaricdə təhsil üzrə Dövlət Proqramlarının məzunlarının iş tapmaması və ya əmək haqqının aşağı olması məsələsinə də toxunub. O bildirib ki, həmin məzunların digərlərindən üstünlüyü var: “Digər tərəfdən Azərbaycan qanunvericiliyində dövlət proqramı çərçivəsində təhsil alan tələbələrə imtiyazlar verilib. Hər il yeni məzun olan tələbələr barədə onların ixtisaslarına uyğun nazirliklər, işəgötürənlər Təhsil Nazirliyi əlaqə saxlayır. Bəzi qurumlar özləri müraciət edir və məlumatlar əldə edir. Dövlət proqramının məzununu ona təklif edilən əmək haqqı tam qane etmirsə, güman edirəm ki, digər iş yerlərinə müraciət etməklə iş almış olacaq”.

Aytən Zəhra
Azvision.az





Teqlər: Təhsil-Nazirliyi   Gənc  





Xəbər lenti