Futbolumuzu inkişafa qoymayan nələrdir? – TƏHLİL

  31 Oktyabr 2013    Oxunub : 389
Futbolumuzu inkişafa qoymayan nələrdir? – TƏHLİL
Təxminən 8 il öncə prezident İlham Əliyev Azərbaycan futbolunun inkişafı yönündə 2005-2015-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması haqqında sərəncam vermişdi. Təbii ki, sərəncam ölkə futbolunun inkişafında maraqlı olan hər kəsin ürəyincə olmuşdu.

Doğrudur, son dövrlər futbolumuzda müəyyən irəlləyişlər hiss olunur, ancaq bu, hələ heç nə demək deyil. Sözsüz ki, uşaq futbolunun inkişafı, futbol təsərrüfatına böyük pulların yatırılması, eləcə də elita təmsilçilərinə səviyyəli legionerlərin cəlb olunması bu idman növünün inkişafını şərtləndirən amillərdən olsa da, hələ də bu sahədə xeyli qeyri-peşəkarlıq gözə dəyməkdədir.
Elə bəzi klublarımızın hələ də baza, stadion, ehtiyat meydança kimi müasir standardlara uyğun idman infrastrukturlarına malik olmaması da dediklərimizin təsdiqi sayıla bilər.
Amma bu yazıda sözügedən problemləri qabartmaqdan daha çox klublarımızın idarə edilməsindəki çatışmazlıqları və futbolçularımızın peşəkarlıqdan uzaq davranışlarını önə çəkməyə çalışacağıq.

Biz hər şeydə başqalarından fərqlənirik. Məsələn, bizim özəl milli komandamız var. Ona görə özəldir ki, komandamızın böyükhesablı məğlubiyyəti bizdə eyib sayılmır. Təsadüfi deyil ki, acınacaqlı yenilgilərdən sonra belə, nə istefa verən olur, nə isdetefaya göndərən. Elə milli çempionatımız da Avropa ölkələrinin birinciliklərindən seçilir. İstəyirsən oyun al, istəyirsən oyun sat, heç “gözün üstə qaşın var” deyən də olmayacaq. Əks halda, çempionatı təşkil etməyə klub tapmazdıq.

Hətta biz heç hamının oynadığı futbolu da oynamırıq. Klublarımızın transfer siyasəti də başqalarından fərqlənir. Müstəqillik dönəminin ilk illərində ölkəmizdə transfer bazarı tam formalaşmadığından bu barədə danışmaq da yersiz sayılırdı. Son dövrlər vəziyyət bir qədər dəyişsə də, bu baxımdan hazırda çatışmazlıqlar da müşahidə olunmaqdadır. Təəssüf ki, klublarımız hələ də transfer siyasətini peşəkarlığa zidd prosedurlarla həyata keçirir. Bu işdə qarşılıqlı maraqlar əsas götürülməli olduğu halda, klub nümayəndələri öncə futbolçularla razılaşmağı üstün tutur. Belədə oyunçunun məxsus olduğu klubun maraqları arxa plana keçmiş olur ki, bu da qarşı tərəfin hüquqlarının pozulması anlamına gəlir. Nə yazıq ki, Avropada mövcud olan standardlar bizim futbolda öz əksini tapmır. Hər hansı bir Avropa ölkəsində məsələsində ilk öncə klubla, ölkəmizdə isə oyunçunun özü ilə razılığın əldə olunmasınn üstün tutulduğu haqqında yuxarıda danışdıq. Daha bir maraqlı məqam isə ölkəmizdəki oyunçu keçidləri zamanı adətən futbolçuya ödənilən məbləğin onun komandasına ödənilən məbləğdən az olmasııdır ki, bu da beynəlxalq arenada qəbuledilməzdir. Söz yox ki, beynəlxalq arenada transfer edilən oyunçuların kluba gətirəcəyi xeyirin və komandadan ayrılarkən qazandıra biləcəyi vəsaitin əvvəlcədən böyük ölçüdə müəyyən olması da peşəkar yanaşmanın nəticəsidir.

Peşəkar klub həm də rəsmilik göstəricisi kimi qəbul olunduğundan beynəlxalq idarəçilik prinsiplərinə əsasən, hər sahəyə xüsusi şöbələr məşğul olmalıdır. Bu baxımdan klublarımızın transfer siyasətini transfer şöbələrinin yürütməsi və yaradılacaq həmin şöbələrdə ixtisaslı seleksiyaçı və menecerlərin çalışması daha məqsədəuyğun olardı.

Yəqin ki, bu gün dünya miqyasında peşəkarlıq baxımından baş verən müsbət dəyişikliklər klublarımız qədər futbolçularımızın da öz işinə peşəkarcasına yanaşmasını şərtləndirir desək, yanılmarıq. Bu baxımdan, futbolçularımızın menecerlə çalışması zəruri sayılır. İndiki halda ölkəmizdə sözügedən fəaliyyət növünün qeyri-aktallığı diqqət çəksə də, bu xidmət futbolçunun gələcək planları ilə bağlı düzgün qərar qəbul etməsinə zəmin yaradır. Başqa sözlə, menecer futbolçunun uğurlu karyeraya gedən yoldakı qapısının açarıdır. Hər halda, inanmaq istərdik ki, futbolçularımızın peşəkarlığa doğru atacağı növbəti addımlardan biri də məhz menecerlə çalışmaq olacaq və gələn yazılarımzda hansı futbolçumuz hansı menecerlə çalışmasından, eləcə də klub komandalarımızın idarə edilməsindəki müsbət dəyişikliklərdən bəhs edəcəyik.

Sonda isə milli komandamızın bəzi üzvlərinin, eləcə də elita klublarında forma geyən bəzi legionerlərin transfer edildikləri müvafiq dönəmə uyğun olan transfer qiymətlərini sizə təqdim edirik. Futbolçuların onlara ödənilən pullara layiq olub-olmadığını müəyyən etməyi isə sizin öhdənizə buraxırıq.

1. Rəşad Sadıqov (“Qarabağ”) – 650000 avro
2. Kamran Ağayev (“Bakı”) - 500000 avro
3. Ruslan Abışov (“Rubin”) - 450000 avro
4. Rail Məlikov (“Qəbələ”) – 400000 avro
5. Cihan Özkara (“Sivasspor”, Türkiyə ) – 400000 avro
6. Mbilla Etame (“Xəzər Lənkəran”) - 1.500000 avro
7. Riçard Almeyda (“Qarabağ”) - 1.300000 avro
8. Çumbinyo (“Qarabağ”) - 1.250000 avro
9. Ernest Nfor (“Neftçi”) - 1.200000 avro
10. Edu Oriol (“Xəzər Lənkəran”) - 1.000000 avro

Tural Məmmədov

Teqlər: