Kimya Sənaye Parkına investisiyalar 3 milyarda çatdırılacaq

Kimya Sənaye Parkına investisiyalar 3 milyarda çatdırılacaq
  16 Noyabr 2018    Oxunub:4310
“Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcək”.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı tütün məmulatları istehsalı fabrikinin açılışında bildirib.

“Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 mln. dollar, ferroərintilər zavoduna 25 mln. dollar və inşaat materialları zavoduna isə 3,5 mln. dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 mln. dollara çatacaq, ferroərintilər zavoduna isə 100 mln. dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi”, - deyə o, qeyd edib.

“Mən 2011-ci ilin sonunda müvafiq fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir”, - deyə dövlət başçısı əlavə edib.

İ.Əliyevin sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir: “Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 mlrd. dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 mlrd. dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək”.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti