Daxili Qoşunların hərbçiləri Avropa çempionu oldu

Daxili Qoşunların hərbçiləri Avropa çempionu oldu
  14 Noyabr 2018    Oxunub:7957
Polşada əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, 28 ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. Mötəbər yarışda Daxili Qoşunlarının zabiti, kapitan Aydın Həşimov 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustası, ciu-citsu üzrə 1-ci Dan qara kəmər sahibidir. O, ciu-citsu üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına layiq görülüb. Həmçinin idmanın bu növü üzrə keçirilmiş Dünya Kuboku yarışının qalibi olub. İki dəfə respublika çempionu adını qazanan A.Həşimov dəfələrlə beynəlxalq yarışlarda, hərbçilər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

Daxili Qoşunlarının daha bir hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli də bu yarışın favoritləri sırasında olub. O, 85 kiloqram çəki dərəcəsində görüşlərdə rəqiblərinə üstün gələrək növbəti dəfə Avropa çempionu olub.

Mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edən İ.Nəcəfli ikiqat dünya və Avropa çempionu, Avrasiya yarışının qalibi, Dünya Kubokunun sahibidir. İdmançılarımızı yarışa DİN İdman Cəmiyyətinin üzvü, Əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.

Azvision.az


Teqlər: DQ   Hərbçi  





Xəbər lenti