“Amaliyanın səhnədə ürəyi tutdu...” - Rafael Dadaşov

“Amaliyanın səhnədə ürəyi tutdu...” -  Rafael Dadaşov
  10 Noyabr 2018    Oxunub:19863
Xalq artisti Rafael Dadaşov noyabrın 8-də dünyasını dəyişən həmkarı Amaliya Pənahova ilə bağlı bağlı xatirələrini AzVision.az-la bölüşüb. O, hesab edir ki, bir zamanlar tərəf müqabili olmuş A.Pənahova əsl sənət fədaisi idi.
Xalq artisti illər öncə baş verən bir hadisədən söz açıb: “Amaliya Pənahova ilə teatrda Xurşidbanu Natavana həsr olunmuş tamaşanı oynayırdıq. O, Natavan obrazını, mən isə onun həyat yoldaşı Xasayı canlandırırdım. Tamaşada belə bir yer var ki, Xasayın əmisi ona məktub yazır və deyir ki, geri qayıt, sən niyə Şuşa qalasında qalmalısan? Sənin vətənin var. Mən (Xasay) də qeyrətə gəlib yapıncımı götürüb gedəndə Amaliya xanım, yəni Natavan qarşıma çıxır ki, sən niyə belə əsəbisən Xasay? Hara gedirsən, niyə həyacanlanmısan? Deməli, mən sözlərimi deyirəm və Amaliya xanımın Xasayın qarşısını saxlamağını gözləyirəm. Ora boylanıram, bura boylanıram, Amaliya xanım səhnədə yoxdur. Qalmışam belə ki, ay Allah, mən nə edim?



Axı Xasayla Natavanın böyük bir vida səhnəsi var. Vaxtı uzatmaq üçün başladım özümdən improvizələr etməyə ki, ar olsun Xasay, sən niyə ailəni atib gedirsən və.s. Başladım çağırmağa ki, Xurşidbanu oyan. Ancaq Amaliya xanım səhnədə görünmədi. Səhnə arxasından bir nəfər işarə etmirdi ki, nə olduğunu başa düşüm. Təxminən 10 dəqiqə səhnədə sözləri təkrarladım, özümlə danışıb tamaşaçının başını qatdım. Birdən ayaq səsi eşitdim və qarşımda Amaliya xanımı gördüm. Rəngi sapsarı idi. Artıq nəyinsə qaydasında olmadığını anladım. Ancaq üz vurmadım, səhnəmizi oynadıq, tamaşa bitdi. Ondan nə baş verdiyini soruşdum. Məlum oldu ki, ürəyi tutub, teatra təcili yardım gəlib. Görün nə qədər sənət fədaisidir ki, həkimlər onu götürüb xəstəxanaya aparmaq istəyirmişlər, bu razılıq verməyib, ürəyini tuta-tuta səhnəyə çıxacağını deyib. Elə də oldu. O, ürəyi ağrıya-ağrıya səhnəyə çıxdı. Mən onun qarşısında baş əyirəm, bu teatr onu 18 yaşında qəbul etdi, 73 yaşında yola saldı".

Şahanə Rəhimova
Azvision.az


Teqlər: Amaliya-Pənahova   Rəfael-Dadaşov   Teatr  





Xəbər lenti