AzVisionun fotoqrafı beynəlxalq müsabiqədə mükafat qazandı

 AzVisionun fotoqrafı beynəlxalq müsabiqədə mükafat qazandı
  07 Noyabr 2018    Oxunub:13894
“Gilavar” Photo Club of Azerbaijan foto klubun da təşkilatı dəstəyi 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilən beynəlxalq foto müsabiqəyə yekun vurulub.
Azvision.az xəbər verir ki, Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazə ilə keçirilən AUTUMN CIRCUIT 2018 adlı foto müsabiqəyə 53 ölkədən 273 fotoqraf 5 min 741 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb. Münsiflər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) foto müxbiri, beynəlxalq dərəcəli fotoqraf İlqar Cəfərov və “Gilavar” foto klubunun həmsədri Rəşad Mehdiyev də yer alıb.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 46 ölkənin 200 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov və Kelvin Qasımov layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 20 mükafat əldə olunub. Müsabiqənin ən yaşxılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.

Qeyd edək ki, mükafata layiq görülənlər arasında Azvision.az-ın fotoqrafı Şahin Sərdarov da var.




Teqlər: Foto   Müsabiqə  





Xəbər lenti