“Söhbət təkcə pulla ölçülmür” - Maliyyə naziri

  06 Noyabr 2018    Oxunub : 5307
“Söhbət təkcə pulla ölçülmür” - Maliyyə naziri
“Son iki ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma əvvvəlki illərdə 8 mln. dollara yaxın vəsait ayrılırdı. Bu kifayət qədər böyük vəsait idi. Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir”.
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, kino çəkilməsi üçün pul əsas faktor deyil:

“İndi deyirlər ki, 1,5 milyon manata kino çəkmək çətindir. Amma kinolar çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Burada daha səmərəli mexanizm yaradılarsa, təkcə dövlət büdcəsindən vəsaitlərin ayrılması yox, eyni zamanda yüksək keyfiyyətə malik kino əsərlərin yaradılmasına xidmət edəcək bir proqram ərsəyə gələ bilər. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsərləri meydana gəlib. Bu da onu göstərir ki, söhbət təkcə pulla ölçülmür”.

Qeyd edək ki, Milli Məclisdə bu gün keçirilən 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Elmira Axundova ölkədə kino sahəsinin inkişafına ayrılan vəsaitin gülüş doğurduğunu söyləyib. "Hazırda qonşu ölkələrin kino sahəsinin inkişafı üçün qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, tarixi, hərbi mövuzalara aid filmlər azdır. Bunun əvəzinə tele-efirləri xəcalət verən filmlər zəbt edir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Samir-Şərifov   Kino