Nağdsız əməliyyatların həcmi 10,5 milyarddır - Mərkəzi Bank

 Nağdsız əməliyyatların həcmi 10,5 milyarddır -  Mərkəzi Bank
  31 Oktyabr 2018    Oxunub:5445
“Azərbaycanda 2018-ci ilin 8 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi təxminən 10,5 milyard manat təşkil edib, ondan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi təxminən 0,9 milyard manat olub”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçt daşımaları infrastrukturu yaradılmalıdır:

“Elekton ticarətin geniş yayıldığı ölkələrdə bu xidmətdən geniş istifadə edilir. Hər bir istehlakçı istədiyi poçt şöbəsini öz ünvanı kimi seçə bilir, bildirişləri kağız formatla yanaşı, SMS və ya elektron-poçt vasitəsilə alır. Azərbaycanda ünvan sisteminin dəyişdirilməsi prosesinə başlanılması, poçt qutularının yararsız hala düşməsi və ya götürülməsi, 7/24 rejimində çalışan poçt şöbələrinin və «Smart poçt qutuları»nın olmaması və hazırda poçt göndərişləri barədə bildirişin alıcıya əsasən kağız formada çatdırılması daşınmanın keyfiyyətinə mənfi təsir göstərməkdədir.

Eyni zamanda, elektron ticarət platformaları üçün təhlükəsizlik tələblərinin müəyyən edilməsi, istehlakçıların fərdi (o cümlədən ödəniş) məlumatlarının qorunması və alğı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi vacib şərtlərdəndir. Bu səbəbdən, «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»nda qeyd olunan sahənin inkişafına da diqqət ayrılıb. Dövlət Proqramında elektron ticarət infrastrukturunun genişləndirilməsi və həmçinin elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi kimi tədbirlər də yer alıb”.

Ramil Mahmudov əlavə edib ki, bu gün ölkədə 66 minə yaxın POS-terminal olsa da onlardan istifadə edilməsi arzuolunan səviyyədə deyil: “Bu istiqamətdə də maarifləndirmə tədbirləri aparılır. Son illərdə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların sayında nağdsız ödənişlərin payı 40%-ə yaxınlaşır. Məlumat üçün deyim ki, 2010-cu ildə bu göstərici cəmi 4% təşkil edirdi”.

Azvision.az


Teqlər: Mərkəzi-Bank   Vergilər-Nazirliyi  





Xəbər lenti