14 yaşlı 1-ci sinif şagirdi əsgərliyə nə vaxt getməlidir?

 14 yaşlı 1-ci sinif şagirdi əsgərliyə nə vaxt getməlidir?
  25 Oktyabr 2018    Oxunub:13233
Xəbər verdiyimiz kimi, 2018-2019-cu tədris ilində 8 yaşdan yuxarı 108 nəfər birinci sinif üzrə fərdi təhsilə cəlb olunub. Onlardan 68 nəfəri 2009, 24 nəfəri 2008, 7 nəfəri 2007, 4 nəfəri 2006, 3 nəfəri 2005, 2 nəfəri isə 2004-cü il təvəllüdlüdür.
Həmin şagirdlərin arasında 14 yaşında I sinifə başlayan iki nəfər var. Həmin şəxslərin 4 ildən sonra 18 yaşı tamam olacaq. Qanunvericiliyə əsasən 18 yaşı tamam olan şəxslər tam orta təhsilini bitirib, ali məktəbə qəbul olmurlarsa, hərbi xidmətə yollanırlar.

14 yaşlı birinci sinif şagirdləri 4 ildən sonra əsgərliyə gedəcəklər? Qanun tələbi nədən ibarətdir?

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov mövzu ilə bağlı Azvision.az-a açıqlamasında bildirib ki, "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq, yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunurlar. 16 yaşına qədər hər bir şagird icbari təhsilə cəlb olunmalıdır.

“Fərdi təhsil alan şagirdin adi sinfə keçməsi barədə "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ında bənd nəzərdə tutulmayıb. Fərdi təhsil alan şagird eksternat qaydasında sinifdən-sinfə keçə bilməz. Fərdi təhsil alan şəxslərə ibtidai təhsili, yaxud hər hansı bir sinfi bitirmələri barədə məktəb tərəfindən arayış verilir. Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

Mövcud qaydalara görə ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sərbəst (eksternat) təhsilalma formasında imtahan verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi (X sinif) üzrə imtahan verənlərin yaşı isə 18-dən aşağı olmamalıdır”.



Həmin şagirdlərin əsgərlik məsələsinə gəlincə B.Məmmədov bunun "Fərdi təhsilin təşkili haqqında Qaydalar"da əksini tapmadığını bildirib.

“Əsgərlik məsələsi bizim qaydalarla tənzimlənmir. Sadəcə Qaydalarda fərdi təhsilin 8 il davam etdiyi qeyd edilir və bu müddətdə uşaqlar icbari təhsildə sayılır”.

B.Məmmədov, həmçinin qeyd edib ki, valideynlər övladlarını subyektiv səbəblərdən təhsildən yayındırmamalı, bu baxımdan daha məsuliyyətli olmalıdılar. “Bəzən yaşa görə öyrənməyə, oxumağa başlamağın çətin olacağını düşünən uşaqlar da bilməlidilər ki, yaşlarından asılı olmayaraq, oxumaq, öyrənmək heç vaxt gec deyil. Fərdi təhsilə cəlb olunmuş uşaqlarla bağlı aparılan təhlillər zamanı əsasən, ailə problemləri, xəstəliklər və digər üzrlü səbəblərdən həmin uşaqların I sinfə qəbulunun gecikdiyi məlum olur.

Müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqların təhsilə cəlb olunması mühüm məsələlərdəndir. Odur ki, dövlətin yaratdığı icbari təhsil imkanlarından bütün uşaqların bəhrələnməsi üçün hər cür şərait yaradılır. Uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, bu kimi hallara maksimum dərəcədə yol vermək olmaz. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar. Valideynlər bilməlidirlər ki, onlar yalnız müvafiq təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər. Bu halda təhsildən yayınan uşaqların fərdi təhsilə cəlb olunması istiqamətində lazımi dəstək göstərilir”.

Qeyd edək ki, bu il 14 yaşında birinci sinifə qədəm qoyan şagirdlərdən biri Əbdürrəhman Həsənovdur. Onunla bağlı hazırladığımız materialla BURADAN tanış ola bilərsiniz.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Şagird   Sinif  





Xəbər lenti