Çingiz Abdullayev tələbələrin suallarını cavablandırıb

Çingiz Abdullayev tələbələrin suallarını cavablandırıb
  09 Oktyabr 2018    Oxunub:8406
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
İnstitutdan AzVision.az-a daxil olan məlumata görə, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov dövlət-din siyasətindən danışıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.

Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə məlumat verən C.Məmmədov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini bildirib.

Rektor Ç.Abdullayevin ən çox oxunan detektiv yazıçılardan biri olduğunu söyləyib, onun bədii yaradıcılığının zənginliyini diqqətə çatdırıb. Qeyd edib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində böyük maraqla oxunur. Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağının artırılması olduğunu vurğulayan rektor bundan sonra institutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin gənclərlə görüşlərinin tez-tez təşkil ediləcəyini bildirib.

Sonra Ç.Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb. Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan yazıçı həm fərd, həm də dövlət kimi güclü olmağın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib.



Xalq yazıçısı gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün, müxtəlif dillərdə mütaliənin əhəmiyyətini də nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması üçün xarici dilləri bilmək günümüzün vacib şərtlərindəndir.

Ç.Abdullayev tələbələrin suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

AzVision.az


Teqlər: Çingiz-Abdullayev  





Xəbər lenti