Müəllimlik sevgisi onları ailələrindən ayrı saldı - REPORTAJ (FOTOLAR)

  05 Oktyabr 2018    Oxunub : 13939
Müəllimlik sevgisi onları ailələrindən ayrı saldı - REPORTAJ (FOTOLAR)
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla işə qəbul olunan müəllimlərlə görüşmək məqsədilə Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin Cəlilabad və Masallı rayonlarına səfəri təşkil olunub.
Səfər öncəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov gənclərin müəllimlik ixtisasını seçməsi və gənc kadrların rayonlara getməsi barədə məlumat verib. Bildirib ki, son 5 ildə 500 və daha artıq bal toplayaraq müəllimlik ixtisası seçənlərin sayı 2090 nəfər olub. Bu isə Azərbaycan təhsil tarixində görünməmiş rəqəmdir.

C.Valehovun sözlərinə görə, 5 il əvvəl bu rəqəm 922 nəfər olub. Həmçinin bu il 50 mindən artıq namizəd müəllimlərin işə qəbul imtahanında qeydiyyatdan keçib və 5 min nəfər ölkənin müxtəlif kəndlərində çalışır.

Mediatur zamanı Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinə baş çəkdik. Bu təhsil ocağında 73 şagird təhsil alır, 19 müəllim çalışır. Bu il 4 nəfər - fiziki tərbiyə, texnologiya, riyaziyyat və fizika müəllimləri yüksək həvəslə işə başlayıblar.



Əvvəlki məktəb binasının köhnə və bərbad vəziyyətdə olduğunu deyən direktor Fuad Bəhramov qeyd edib ki, rütubətli və şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi.

Məktəb direktorunun sözlərinə görə, rayon mərkəzi ilə kəndin arasındakı məsafə 4 kilometr olduğundan o vaxt hamı uşağını rayon mərkəzində yerləşən və şəraiti daha yaxşı olan məktəblərə aparırdı. Artıq kənddə modul tipli yeni məktəb istifadəyə verilib və qısa müddətdə şagirdlərin sayı az qala iki dəfəyə qədər artıb.

“Ötən il cəmi 59 şagirdimiz vardı. Yeni məktəb binasının tikilməsi nəticəsində artıq 73 şagird təhsil alır. Müəllimlərin əksəriyyəti imtahandan uğurla keçərək işə qəbul olunublar".

F.Bəhramovun özü də məktəbə təyin olunan gənc direktorlardandır. O, direktorların işə qəbulu imtahanlarında yüksək nəticə göstərərək 2016-cı ildən məktəbə rəhbərlik edir.



Məktəblə ilk tanışlığımız 15 illik ibtidai sinif müəllimi olan Fəxrəndə Şirəliyevanın hazırda dərs dediyi birincilərin otağından başladı. Dərsə yeni başlayan uşaqların həyəcanlı olduğu aşıq-aşkar görünürdü.

İmtahandan uğurla keçən coğrafiya müəllimi Cəmilə Xasıyeva artıq ikinci tədris ilidir ki, Cəlilabadda yaşayır. Rayon mərkəzində qalan müəllimə kənddə uşaqlarla işləməyin onun üçün rahat olduğunu deyib.



"Kənd məktəblərində kadrlar olduqca azdır və cavan kadrlar demək olar ki, yoxdur. Kəndə yaşamaq çətin deyil. Bura gəlməyimdən də peşman deyiləm. Şagirdlərin müəllimlərə göstərdikləri hörmət, dərslərinə həvəslə yanaşmaları müəllim üçün böyük stimuldur".

İngilis dili müəlliməsi Gülnar Fərəczadə isə kənd məktəbində dərs demək üçün ailəsini, uşağını Sumqayıtda qoyaraq Cəlilabada üz tutub. Onun həyat yoldaşı və qızı Sumqayıtda, kiçik qızı isə onunla birlikdə Cəlilabadda yaşayır. Həftə sonları və bayramlarda şəhərə gedən müəllimə belə "dinamik həyatın" çətinliklərindən danışıb.

"Şəhərdə yaşayan biri üçün kəndə gəlmək, başqa mühitə uyğunlaşmaq bir qədər çətindir, hələ ailən səndən uzaqdadırsa, bu daha çətindir. Bundan başqa tez-tez səfərlər uşağın xəstələnməsinə səbəb olur".

G.Fərəczadə dəfələrlə müəllimlərin yerdəyişməsində iştirak etsə də, istəyinə nail ola bilməyib. Əvvəlki illərlə müqayisədə məktəb nəticələrinin yaxşılaşdığını deyən G.Fərəczadə şagirdlərin uğurlar əldə etməsində valideynlərin də böyük rol oynadığını deyib.

"Şagirdlər savad baxımından yüksək olmasa da, tərbiyə baxımından yaxşıdırlar. Oxumağa böyük həvəsləri var. Lakin valideynin də rolu vacibdir. Çünki uşaq fikirləşir ki, bəlkə onu 10-11-ci sinifdən sonra oxumağa qoymayacaqlar. Ona görə də cuzi biliklərlə özünü idarə etməyə çalışır. Amma son illər dəyişiklik var. Ən azından sınaq imtahanlarından sıfırla gəlmirlər, hər fəndən 10-15 düz cavabları olur.

Qızların erkən yaşda ərə getməsi halları onların dərsə həvəsini azaldırdı. Bu istiqamətdə dəyişiklər nisbətən var. Ən azından bu faizi 70-ə qaldıra bilmişik. Eyni zamanda məktəbə dərs deməyə gələn gənc xanım müəllimlərin də bunda böyük əməyi danılmazdır. Onları görürlər və həvəslənirlər. Həmçinin imkandan da çox şey asılıdır. Kənddə hər kəs uşağını rayon mərkəzinə məktəbə göndərə bilmir. Kimin evində imkanı varsa, övladını taksi ilə məktəbə hazırlığa göndərir".



2018-2019-cu tədris ilindən məktəbdə fəaliyyətə başlayan digər gənc müəllimlər - Elnur və Nəzrin cütlüyü burada tanış olublar. Bir aydır ki, ailəli olan müəllimlər şagirdlərlə işləməyi sevirlər. Elnur fiziki tərbiyə, Nəzrin isə informasiya texnologiyası üzrə dərs deyir

“Hər ikimizə burada yaşamaq və işləmək rahatdır. Məktəbimizdə uşaqlar fiziki tərbiyə dərslərinə çox maraqla qatılırlar.

Cəlilabadda yanaşı, Masallı rayonunda olduğumuz iki məktəbdə də gənc kadrlar çoxluq təşkil edir. Yeni başladıqları işlərinə həvəslə yanaşan müəllimlər şagirdlərə bilikləri aşılamağa çalışırlar. Gənc müəllimlərin dərslərini izləyərkən buna şahid olduq.

Məktəblərlə tanışlıq zamanı bildirildi ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən 87 gənc müəllim məhz Masallı rayonunun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb.

Qızların təhsil ala bilməməsi ilə ad çıxaran Masallı barəsində formalaşan bu təsəvvür də dağılmaqdadır. Belə ki, ali məktəbə qəbul olunan 500 nəfərin 171-i, təqribən 40 faizə yaxını qızdır. Bu da qızların təhsilə cəlb olunmasındakı ənənəvi əngəllərin aradan qalxdığını göstərir.



Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində yeni tədris ilində işə qəbul olunan müəllimlərin sayı 6 nəfərdir.

Əli Alışlı gənc müəllimlərdən biridir. 2018-ci ildə imtahanda 57 bal toplayaraq bu məktəbdə tarix fənninin tədrisinə başlayıb: “Dərslərimizi yeni tədris proqramı əsasında qururam. Şagirdlər yeni mövzunun 60 faizini dərs vaxtı mənimsəyir və evdə əlavə məşğul olmurlar”.



İmtahandan 54 bal toplayan Rafael Əzimov isə kimya fənnini tədris edir. Sumqayıt Dövlət Universitetinin biltirən R.Əzimov Masallının Qasımlı kəndindəndir. Müəllim şagirdlərin kimya fənninə böyük maraq göstərdiyini deyir. Şagirdlər də gənc müəllimdən razılıqlarını bildiriblər.

Məktəbin digər gənc müəllimi Araz Şahverdiyev 54 bal toplayaraq imtahandan uğurla keçib. O, riyaziyyat fənninin tədrisi ilə məşğuldur.



Digər gənc kadr Pərvin Babayeva isə Sumqayıtda yaşayıb, təhsil alıb. 2004-2007-ci illərdə Sumqayıtda 11 nömrəli məktəbdə pedoqoji fəaliyyətlə məşğul olub. Lakin bu il yenidən imtahan verərək Masallı rayonunda dərs deməyə gəlib. Bunu isə onu Masallıya bağlayan dədə-baba kökləri ilə əlaqələndirib.

"Bura gəldiyimə görə peşman deyiləm. I-XI siniflərdə dərs deyirəm. Uşaqların təhsil səviyyəsi çox yüksək olmasa da, onları öyrətməyə çalışırıq".



Məktəbin direktoru Mirxanım Hüseynovanın sözlərinə görə, 2018-2019-cu tədris ilində məktəbdə 1965 şagird təhsil alır. 238 şagird birinci sinifdə, 138 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur. Builki 117 məzundan 55 nəfəri ölkə ali məktəblərinə, 15 nəfəri isə xarici ölkələrin universitetlərinə daxil olub. 3 nəfər 600-dən, 10 nəfər isə 500-dən artıq bal toplayıb.

Müəllimlərin dərs saatını izlədikdən sonra rayonun Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbinə yollandıq. Məktəbin direktoru Əbülfəz Əsədov bildirib ki, 480 yerlik məktəbdə 539 şagird təhsil alır. Ötən tədris ilində məktəbi bitirən 19 məzundan 8 nəfəri ali məktəbə daxil olub. Məktəbin ən yüksək bal toplayan məzunu 589 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.



Bu il məktəbdə 43 uşaq birinci sinfə, 38 nəfər isə məktəbəhazırlıq qruplarına cəlb edilib. Onlara dərs deyən 42 müəllimdən 6 nəfəri gəncdir. Aytac Kazımlı 50 balla vakansiyanı tutaraq ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. O, ötən il təqaüdə çıxan müəllimi əvəz edib. Yeni müəllim uşaqlarla dil tapmaqda çətinlik çəkməyib. Gənc müəllim uşaqları, uşaqları da onu sevir.

Mediatur zamanı olduğumuz məktəblərdə şagirdlərin dərsə maksimum dərəcə hazırlaşdığının, gənc müəllimlərin işə necə həvəslə yanaşdığının əyani şahidi olduq.





Aytən Zəhra
AzVision.az

Teqlər: Məktəb   Müəllim