SOCAR və Çin şirkəti birgə müəssisə yaradıb

SOCAR və Çin şirkəti birgə müəssisə yaradıb
  02 Oktyabr 2018    Oxunub:5793
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində, SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident, akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Müqaviləni SOCAR-ın prezidenti R.Abdullayev və “BGP Inc.” Şirkətinin prezidenti Gou Liang imzalayıb. Təsis edilmiş yeni birgə müəssisə Azərbaycanda və Xəzər dənizi hövzəsində birgə seysmik kəşfiyyat işlərini həyata keçirəcək, hər iki şirkətin mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır:

“Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır”.

Xatırladaq ki, cari ilin iyun ayının 6-da SOCAR Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti ilə əməkdaşlığın qurulması, o cümlədən geofiziki xidmətlərin göstərilməsi üçün birgə müəssisənin yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalayıb. Bu Anlaşma Memorandumuna uyğun olaraq tərəflər arasında danışıqlar aparılıb və yekun sənəd hazırlanıb.

BGP şirkəti Çin Xalq Respublikasının dövlət neft şirkəti olan CNPC şirkətinin 100%-lik törəmə müəssisəsidir. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.

AzVision.az


Teqlər: SOCAR   Çin   Şirkət  





Xəbər lenti