Azərbaycan Filizçay yatağından 6 milyard qazanacaq

Azərbaycan Filizçay yatağından 6 milyard qazanacaq
  02 Oktyabr 2018    Oxunub:4766
Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin Filizçay yatağında yaradılmış geoloji düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.
“AzerGold”un mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatlar müzakirə edilib, burada aparılan geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında nazir Muxtar Babayevə geniş məlumat verilib. QSC tərəfindən qeyd edilib ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndisi-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Z.İbrahimov qeyd edib ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.

Görüşün davamında nazir Muxtar Babayev Filizçay yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək, yataqda aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “AzerGold” QSC tərəfindən bildirilib ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması olacaq.

Görüşdə, həmçinin ölkənin bütün nəcib və əlvan metal mədənləri üzrə geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunverciliyin təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi müzakirə edilib.

AzVision.az


Teqlər: ETSN   Filizçay   Yataq  





Xəbər lenti