Azərbaycana daha 50 pambıqyığan kombayn gətiriləcək

Azərbaycana daha 50 pambıqyığan kombayn gətiriləcək
  01 Oktyabr 2018    Oxunub:4162
Bu il Azərbaycanın 22 rayonunda ümumilikdə 132,581 hektar sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının ərazisində əkilib. Respublika üzrə pambıq əkinlərinin 60 faizi bu 7 rayonun payına düşür.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. Onun sözlərinə görə, son üç il ərzində “Arqolizinq” xətti ilə 353 ədəd pambıqyığan kombayn alınıb. Bunlardan 221 kombayn pambıqçılıqla məşğul olan şirkətlərə lizinqə verilib, 98 kombayn Aqrolizinqin 19 rayon bölməsində istifadədir.

"Qalan 34 kombayn isə təchizat bazalarında saxlanılır, tələbat yarandığı halda lizinqə veriləcək. Daha 50 ədəd kombayn bu günlərdə respublikaya gətiriləcək. 2018-ci ildə “Aqrolizinq” pambığın kombaynla yığımı üçün hər hektara 100 manat tarif müəyyən edib. Bu tarifə yanacaq və yağlama materialları, təmir-texniki xidmət və ehtiyat hissələrinin xərci, mexanizatorun əmək haqqı, şpindellerin yuyulması və yağlanması üçün texniki mayelərin dəyəri, texnikanin saxlanması üçün görülən işlər daxildir. Bu sərf normaları müəyyənləşdirilən zaman, pambığın çox zəhmət tələb edən bitki olduğunu nəzərə alaraq bu xərc maddələri müəyyənləşdirilən zaman sosial yönümlülük nəzərə alınıb".

O, qeyd edib ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir: "Sentyabrın 19-da Prezident İlham Əliyevin tövsiyə tapşırığı əsasında Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüşü keçirilib. Görüşdə pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir".

AzVision.az


Teqlər: Pambıq   KTN  





Xəbər lenti