Premyer-liqa: 10 tur nəyi göstərdi – TƏHLİL

Premyer-liqa: 10 tur nəyi göstərdi – TƏHLİL
  25 Oktyabr 2013    Oxunub:1370
Ötən həftə Topaz premyer-liqasında 10-cu turun oyunları keçirildi. Başqa sözlə, həftəsonu baş tutan qarşılaşmalarla ölkə çempionatının ikinci dövrəsinə start verilmiş oldu. Komandaların hazırkı vəziyyətini təhlil etmək baxımından 10 həftəlik marafon heç də az deyil.
Ötən turların nə ilə yadda qaldığını üzə çıxarmağın ən yaxşı yolu müqayisə olduğundan ötən mövsümün müvafiq dönəminə nəzər salıb, ölkə çempionatında nəyin yaxşıya, nəyin pisə doğru dəyişdiyini aydınlaşdırmağa cəhd edəcəyik.

Müqayisə apararkən ötən il elitada mübarizə aparan komandaların nəticələrinə ayrı-ayrılıqda diqqət yetirəcəyik. Amma əvvəlcə Topaz premyer-liqasındakı məhsuldarlıqdan bəhs edək. Ötən mövsüm 10 tur ərzində qapılara 123 top vurulmuşdusa, bu dəfə azarkeşlər 119 qola şahidlik edib. 2012/2013-cü illər mövsümünün 10 tur ərzində ən çox fərqlənən “Neftçi” rəqib qapılarına 17 dəfə yol tapmışdısa, cari çempionatda ən çox qola sevinən komanda olan “Bakı”nın hesabında 18 top var. Ən az top buraxan komandaya gəlincə, bu baxımdan eyni vəziyyət müşahidə olunmaqdadır. Belə ki, ötən futbol ilinin müvafiq dövründə ən az qol buraxan komandalar olan “Simurq” və "İnter"in toru 4 dəfə silkələnmişdisə, bu dəfə “Qarabağ”ın passivində 4 top var.

Maraq doğuran digər məqam isə ən az top vuran və ən çox top buraxan komandaların müqayisəsidir. Əgər ötən mövsüm 10 turdan sonra ən az top vuran klub olan “Kəpəz” 7 dəfə qol sevinci yaşamışdısa, cari birincilikdə bu göstərici 5 olub. Xatırladaq ki, yeni mövsümdə ən az qol sevinci yaşayan komandalar “Rəvan” və "Sumqayıt”dır. Ən çox qol buraxan klubların buraxdığı qolların sayında da dəyişiklik müşahidə olunub. Belə ki, müqayisə etdiyimiz mövsümlərin ilk 10 turunda ötən il bu antirekorda sahib olan "Kəpəz" 18 dəfə məyus olmuşdusa, bu il sözügedən göstəriciyə 21 dəfə qol buraxmış “Rəvan” imza atıb.

“Qarabağ” : Cari mövsümün 10 turunu ilk sırada tamamlayan “Qarabağ” ötən birinciliyin ilk 10 turundan sonra isə üçüncü pillədə idi. 2012/2013-cü illər mövsümündə 14 xal toplayan Qurban Qurbanovun “drujinası” cari çempionatda isə 21 xal yığmağı bacarb. Qazanılan qələbələrin sayı 3-dən 6-ya, heç-heçələrin qədəri isə 5-dən 3-ə dəyişib. Ötən mövsümün müvafiq dövründə 2, cari çempionatda isə passivində bir yenilgi olan ağdamlıların vurduğu və buraxdığı topların nisbəti də yaxşıya doğru dəyişib. Belə ki, ötən birincilikdə 12 dəfə fərqlənən və qapısında 11 qol görən “köhlən atlar” cari mövsümdə beş top daha artıq vurmaqla yanaşı, 7 top daha az buraxıb.

“Neftçi”: Son üç mövsümün çempionu ötən ilin ilk 10 turundan sonra olduğu kimi, cari çempionatda da ikinci pillədə qərarlaşıb. Ötən “futbol ili”ndə aktivinə 17 xal yazdıran flaqman bu mövsüm isə 21 xala sahibdir. Ötən birinciliyin müvafiq dövründəkindən bir qələbə artıq qazanan (6) “ağ-qaralar”ın məğlub olduğu və heç-heçə etdiyi oyunların sayında da dəyişiklik gözə dəyir. Belə ki, bu mövsümün ilk 10 turundan sonra cəmi bir dəfə məğlub olan “xalq komandası” ötən mövsüm isə üç dəfə meydanı xalsız tərk edib.“Neftçi”nin bərabərliklə başa vurduğu oyunların sayı isə ötən mövsüm iki olduğu halda, bu dəfə üçdür. Flaqmanın vurduğu və buraxdığı toplara gəlincə, ötən “futbol ili”ndə 17 qol vuran “ağ-qaralar” bu mövsüm isə 14 dəfə fərqlənib. Buraxılan toplarda isə irəlləyiş müşahidə olunur. Belə ki, bakılılar 12 top buraxdığı ötən birincilikdən fərqli olaraq, bu mövsüm 7 dəfə məyus olub.

“Qəbələ” : Əyalət təmsilçisi ötən ilin analoji dövründə onuncu olduğu halda, bu mövsüm üçüncü pillədə qərarlaşıb. Bu mövsüm 6 qələbə və 3 bərabərlik sayəsində 19 xal toplayan Yuri Syominin komandası ötən ilin ilk 10 turunda 2 qələbə və 4 heç-heçə nəticəsində 10 xal yığmışdı. Topların fərqində də “qırmızı-qaralar” cari “futbol ili”ndə daha yaxşı göstəriciyə sahib olması nəzərə çarpır. Belə ki, ötən mövsüm 9 qol vuran və topu 12 dəfə torundan çıxarmalı olan “Qəbələ” bu mövsüm isə 15 top vurduğu halda, 9 dəfə məyus olub.

AZAL: Ötən mövsümün ilk 10 turundan sonra 5-cı pillədə olan bakılılar bu dəfə 4-cü sıradadır. Geridə qalan “futbol ili”ndə həm qələbə, həm heç-heçə sayı eyni olan (3) “təyyarəçilər” 12 xal topladığı halda, cari mövsümdə 4 qələbə, 3 heç-heçə və 3 yenilgi sayəsində 3 xal daha artıq toplaya bilib. Vaqif Sadıqovun komandasında yalnız top fərqinin pisə doğru dəyişdiyi görünür. Belə ki, bu mövsüm 11 top vuran və 13 qol buraxan AZAL ötən ilin müvafiq dönəmində 15 qol vurmuş, 11 dəfə isə qapısında top görmüşdü.

“Bakı”: Paytaxtın eynaidlı komandası ötən ilin analoji dövrü ilə müqayisədə daha yaxşı mövsüm keçirən elita klubları sırasındadır. Ötən “futbol ili”ndə hamıdan çox heç-heçə edən (8) zolaqlılar bundan başqa, bir qələbə və bir məğlubiyyətə imza atmışdısa, bu dəfə 4 oyunu qələbə ilə başa vurmağı bacarb. Eyni sayda matçda da yenilgi ilə üzləşən Milinko Pantiçin yetirmələri iki qarşılaşmada isə xalları yarı bölüb. Komandanın məhsuldarlığında da müsbət irəliləyiş var. Belə ki, ötən birincilikdə rəqib qapılarına 10 top vuran “Bakı” bu dəfə 18 dəfə fərqlənib. Buraxılan topların nisbətində isə ötən mövsüm daha yaxşı göstəricilər nəzərə çarpırdı. Belə ki, 2012/2013-cü illər mövsümündə 8 top buraxan “zolaqlılar” cari mövsümdə isə 12 dəfə məyus olub.

“Simurq”: Yeni mövsümün ilk 10 turunun ardından 7-ci sırada yer alan Zaqatala təmsilçisinin ötən mövsümlə müqayisədə daha pis mövsüm keçirdiyini demək artıqdır. Belə ki, ötən “futbol ili”nin analoji dövründə 19 xalla zirvədə yer alan Georgi Çixradzenin komandası beş qələbə qazanmış, dörd heç-heçə etmiş və cəmi bir dəfə məğlub olmuşdusa, bu dəfə üç qələbə, dörd bərabərlik və üç yenilgi alıb. Bu da qazanılan 13 xalla “Simurq”un 7-ci pillədə olmasına zəmin yaradıb. Elə topların fərqində də ötən mövsümün müvafiq dövrü ilə müqayisədə geriləmə sezilir. Belə ki, ötən birinciliyin ilk 10 turundan sonra rəqib qapılarına 12 top vuran və qapısında 4 qol görən “sarı-qaralar” cari çempionatda isə vurduğu 9 qolun qarşılığında 9 top buraxıb.

“İnter”: Paytaxt klubunun ötən mövsümlə müqayisədə daha qeyri-qənaətbəxş mövsüm keçirməkdədir.“Bankirlər”in ötən mövsümlə müqayisədə bütün göstəricilərinin pisə doğru dəyişməsi belə deməyə əsas verir. Həm qazanılan xal, həm qələbə, həm bərabərlik, həm də məğlubiyyət sayına görə “İnter” ötən mövsüm daha yaxşı nəticə göstərmişdi.
Müqayisə üçün deyək ki, Kaxaber Tsxadadzenin komandası ötən il dörd qələbə, beş heç-heçə və bir məğlubiyyət sayəsində 17 xal toplamışdı. Cari mövsümdə isə aktivində üç qələbə, bir bərabərlik və altı məğlubiyyət olan “bank təmsilçisi” cəmi 10 xala malikdir. Topların nisbətinə gəlincə, paytaxt klubu ötən mövsümkündən daha çox top vursa da, qapısında da daha çox qol görüb.
Xatırladaq ki,“İnter” ötən mövsüm rəqib qapılarından 10 qol keçirmişdisə, bu dəfə 16 dəfə fərqlənib. Buraxılan qollara gəlincə, ötən mövsümün ilk 10 turunda qapısında gördüyü 4 qolla çempionatın ən az məyus olan iki komandasından biri olan “İnter” bu dəfə 16 dəfə topu torundan çıxarmalı olub.

“Xəzər Lənkəran”: Cənub klubunun son iki mövsümdəki 9 oyunluq statistikası demək olar ki, tamamilə eynidir. Təsadüfi deyil ki, Con Toşakın komandası bu il də ötənilki kimi 3 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə də məğlub olmaqla aktivinə 13 xal yaza bilib.Yalnız topların nisbətində geriləmə müşahidə olunur. Belə ki, ötən mövsüm 13 top vuran və qapısında 9 qol görən “ağ-yaşıllar” cari mövsümdə isə rəqib qapılarına 9 top vurduğu halda, 10 dəfə topu torundan çıxarmalı olub.

“Rəvan”: Ötən mövsümün analoji dövrü ilə müqayisədə göstəriciləri pisə doğru dəyişən elita klublarından olan paytaxt klubunun ilk 10 turdan sonra üç dəfə məşqçi dəyişməsi də işlərin yolunda getməməsindən xəbər verir. Müqayisə üçün deyək ki, ötən mövsümün müvafiq dövründə altı qarşılaşmadan xalla ayrılan (üç qələbə, üç heç-heçə) “uçan aslanlar” cari “futbol ili”ndə isə dörd görüşdə xal qazanmaqla (bir qələbə, üç heç-heçə) ötən mövsümkündən altı xal daha az qazanb. Vurulan və buraxılan topların nisbətində də ötən birincilikdə durum daha yaxşı idi. Müqayisə üçün deyək ki, ötən çempionatda rəqib qapısına 10 top vuran və qapısında 12 qol görən “Rəvan”ın bu il daha az top vurmaqla (5) yanaşı, daha çox qol buraxıb-21.

“Sumqayıt”: “Gənclik şəhəri”nin komandası da ötən mövsümün analoji dövrünü daha yaxşı keçirən kollektivlər sırasındadır. Belə ki, ötən mövsümün 10 turunun ardından 11 xal toplayan sumqayıtlılar bu dəfə ötənilkindən 6 xal daha az yığıb. Müqayisə üçün deyək ki, “kimyaçılar” ötən mövsümün müvafiq dövründə üç qələbə qazandığı halda, bu dəfə bir qələbəyə sevinib. Heç-heçə sayı eyni olan (2) Aqil Məmmədovun komandasının məğlubiyyət sayı da beşdən yeddiyə dəyişib. Topların fərqinə gəlincə, Sumqayıtın eyniadlı klubu ötənilkindən həm daha az top vurub, həm də daha az buraxıb. Belə ki, ötən birincilikdə 9 top vuran və 17 dəfə topu torundan çıxaran “Sumqayıt” cari çempionatda isə vurduğu 5 topun qarşılığında 18 dəfə məyus olub.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti