Problemli kreditlər: Məhkəmə sözünü dedi, hökumət vəziyyətə müdaxilə etməlidir – TƏHLİL

Problemli kreditlər: Məhkəmə sözünü dedi, hökumət vəziyyətə müdaxilə etməlidir – TƏHLİL
  28 Sentyabr 2018    Oxunub:21935
Konstitusiya Məhkəməsinin dollar kreditlərilə bağlı qərarı bu sahədə borcu olanlarda narazılıq yaratsa da, məntiqə əsaslanır. Ancaq iş ondadır ki, əhalinin də narazılığında məntiq var. Bankların tələbində isə həqiqət... Odur ki, sual yaranır: bəs onda səhv və yaxud günah kimdədir?!
Konstitutsiya Məhkəməsi sözügedən qərarında deməzdim ki, bankların tərəfini tutub. Burada sadəcə olaraq, məntiq əsas götürülüb. Belə ki, borca girən tərəf istənilən halda risk altına daxil olur. Çünki devalvasiya normal iqtisadiyyatı olan ölkələrdə adi bir prosesdir. Və mərhələlərlə demək olar, hər zaman baş verir. Maliyyə bazarında da hər bir iştirakçı bunu nəzərə alaraq işini qurur və fəaliyyət göstərir.

Məsələ bundadır ki, bizdə neftə görə, o cümlədən, valyuta bazarımız sərbəst tənzimlənmədiyindən, uzun müddət idi, bu, baş vermirdi. Ancaq o demək deyildi ki, heç vaxt baş verməyəcək.

Əslində, banklar özləri də vaxtilə riskə gediblər. Yəni, istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayıblar.

Xatırladım ki, bu mövzuda şərhlərimdə də qeyd etmişəm ki, problemin kökü, yəni kreditlərin geri ödənişində çətinlik məsələsi neftin qiymətinin enməsi, yaxud, devalvasiya nəticəsində yaranmayıb. Onun əsası 2012-ci ildən əvvəl qoyulub: bankların kreditləri necə gəldi, payladıqları illərdə... Belə ki, həmin dövrdə ölkədə neftin dünya bazar qiymətləri ilə bağlı gəlir bolluğu mövcud idi, əhalidə banklara inam var idi, əmanət qoyanlar çox idilər. Üstəlik, xarici maliyyə qurumları da ölkənin maliyyə vəziyyətinin yaxşı olmasını nəzərə alaraq, banklara aşağı faizlə kreditlər ayırırdılar, başqa sözlə desəm, böyük səxavət nümayiş etdirirdilər.

Neftin qiyməti düşən, yəni, ölkənin dollar gəlirləri azalan kimi “yaranın üstü” açıldı. Və bu, özünü ilk olaraq Beynəlxalq Bank (ABB) üzrə göstərdi. Çünki o, sistemin başında dururdu. Hələ yaxşı ki, hökumətin ABB ilə əlaqədar yürütdüyü siyasət - yəni, könüllü restruktizasiya planı uğurla alındı və müvəffəqiyyətlə həyata keçirildi. Və ABB bağlanmadı. ABB bağlansa idi, bütün bank sektoru çökə bilərdi.

Ötən ayın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxın təşkil edirdi. Onların ümumi kredit portfelində payının 15%-ə yaxındır. Bu, çox ciddi faktordur. Ötən şərhimdə də yazdım ki, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi məhz bundan ibarətdir. Ümumən, 2018-ci ilin avqustun 1-nə 12 milyard 170,7 min manat kredit qoyuluşunun 14,6%-i, başqa sözlə desəm, 1 782,1 milyon manatı vaxtı keçmiş sayılır.

Onu da qeyd edim ki, banklar 7501.2 milyon manat milli valyutada, 4669.5 milyon manat ekvivalentində isə xarici valyutada kredit veriblər. Manatla kreditlər üzrə vaxtıkeçmişin həcmi 845,5 milyon, xarici valyutada kreditlər üzrə isə 936,6 milyon manat təşkil edir.

Problemli kreditlərin artan dinamika üzrə inkişaf etməsində dollarla verilən kreditlər həmişə mühüm rol oynayıb. Lakin, manatın məzənnəsinin 0,78 qəpikdən 1,70 azn-ə qədər dəyişməsi vəziyyəti lap, qəlizləşdirib. Sual yaranır ki, bəs, nə etməli? Konstitusiya Məhkəməsi sözünü dedi. Bəs, çıxış yolu nədədir? Təbii ki, bu cür situasiyada hökumət məsələyə mütləq müdaxilə etməlidir. Yəni, həm bankların tələbi nəzərə alınmalıdır, həm də əhalinin narazılığı. Bundan başqa çıxış yolu varmı?! Xeyr...

Məsələ bundadır ki, nə banklar, nə iş adamları, nə də ki, əhali bu kreditlərin ödənilməsi, yaxud, bağlanması işinin öhdəsindən təkbaşına gələ biləcəklər. Bu məsələnin həllində dövlətin köməyi lazımdır. Ancaq dövlətin də, bu qədər vəsaiti bütövlükdə üzərinə götürməsi düzgün deyil və qeyri-mümkündür. Odur ki, problemin həlli məsuliyyəti 3 tərəf arasında bölüşdürülməlidir.

Yeri gəlmişkən, bu məqsədlə ABB-nin təcrübəsindən istifadə edilə bilər və edilməlidir də... Bunun üçün də hökumət tərəfindən kompleks tədbirlər planı işlənib hazırlanmalı və bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali-Mərkəzi Bank (AMB)-kommersiya bankları arasında paylanmalıdır.

Məsələn, AMB kreditlərin mühüm bir hissəsini əhali adından banklara ödəyə bilər. Bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən istifadə effektiv nəticə verərdi. Əslində, ən əlverişli mənbə də elə Neft Fondudur. Bu halda əhaliyə ödəniş üçün daha uzunmüddətli dövr müəyyənləşdirmək imkanı yaranar. Çünki bankların hazırkı vəziyyəti uzunmüddətli dövrdə ödənişləri gözləməyə imkan vermir, dövlətin isə buna hər cür imkanı var. Yəni, dünya bazarında neftin qiyməti artır, iqtisadiyyat böhrandan çıxmağa başlayır.

Odur ki, indi sözügedən problemi qeyd etdiyim yolla həll etmək üçün olduqca əlverişli şərait mövcuddur. Belə ki, neftin dünya bazar qiymətləri ilə əlaqədar ölkənin valyuta gəlirləri qənaətbəxş səviyyədədir. Üstəlik, hökumət qeyri-neft sektorunun inkişafı üçün çalışır. Bu isə bank sektoru tərəfindən kredit qoyuluşunun artırılmasını tələb edir. Yəni, neft gəlirlərini bu məqsədə yönəltməyin bundan üstün vasitəsi ola bilməz.

O zaman, nəyi gözləyirik? Məhkəmə sözünü dedisə, əhali borcu ödəmək iqtidarında deyilsə, banklar isə gözləyə bilmirlərsə, deməli, məsələnin həlli həqiqətən də hökumətlikdir. Özü də bu işdə daha gecikmək olmaz.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Problemli-kredirlər  





Xəbər lenti