“Mənim tək dayağım Allahdır” - Xalq artisti ilə səmimi söhbət

“Mənim tək dayağım Allahdır” - Xalq artisti ilə səmimi söhbət
  22 Sentyabr 2018    Oxunub:17431
Xeyli vaxtdır efirlərdən uzaq düşən xalq artisti, sevilən müğənni Nisə Qasımova susqunluğunu pozaraq AzVision.az-ın suallarını cavablandırıb. Sənətçi niyə gündəmdə olmamasının səbəbini açıqlayıb, onun qəlbini qıran həmkarlarından danışıb.
- Nisə xanım, payıza necə girdiniz? Yayda yaxşı dincələ bildinizmi?

- Altıağac kəndindəki evimizdə ailəlikcə dincəldik. Hər fəslin öz işgüzarlıq məqamları var. Mənim üçün dincəlmək işsiz oturub 4 divara, televizora, komputerə baxmaq deyil. Buna mənə passivlik deyirəm. İrəlidə görüləsi cox işlər var.

- Altıağacdan sonra Bakı sizə boz və yorucu şəhər kimi görsənmədi ki?

- Mən Bakını cox gözəl və rəngarəng görürəm, paytaxtımız çox maraqlı şəhərdir. İnsanlarını da çox sevirəm. Baki dünyanın bütün sivil şəhərləri ilə müqayisə oluna bilər.
İstisnalar da var, təbii ki. Yollarda, küçələrdə gedəndə bəzi gənclərin əlindəki zibili yerə atdığını görüb çox pis oluram. Yəqin ki, şəhərimizə hər kəs əhvalının, qəlbinin gözü ilə baxır.



- Əvvəllər sizi efirdə tez-tez görürdük. İndi isə yoxsunuz, sanki özünüzə qapanmısınız...

- Yox, əstafrullah qapanma yoxdur. Sadəcə olaraq efirə kefiyyətli, sevilən mahnı ilə çıxmaq istəyirəm. Siz bilirsiniz ki, mən uzun müddət efirdə görünmədiyim zamanlarda hər yeni gəlişimlə bir hit təqdim etmişəm, misal olaraq “Məni satdın nəfsinə”, “Qayıtdım”, “Şahanə sevgi” və digər mahnıların adlarını çəkə bilərəm . Bu dəfə də, payız mövsümündə maraqlı bir mahnı var, onunla gələcəm. Tez-tez görsənməyi xoşlamıram. Sən efirə çıxırsansa, bunu əsaslandırmalısan ki, nə üçün görünürsən, nə deyəcəksən və s.

- Ümumiyyətlə, televiziyalardan əməkdaşlıq təklifi gəlirmi?

- İndi mən yaşımın gözəl, müdrik vaxtını yaşayıram və əlbəttə ki , təcrübəmə, biliyimə əsaslanaraq əməkdaşlıq təklifini mən edə bilərəm. Hazırda isə özümü hansısa verilişdə və ya telekanalda aparıcı kimi görmürəm.



- Bildirdiniz ki, kimdənsə incikliyiniz olanda bunu zamanın ixtiyarına buraxırsınız. Tez-tezmi incik düşürsünüz?

- Mən kövrək, həssas insanam. Nisə Qasımova sənəti ilə maraqlanan və onun sənətini dərindən bilən insana yaxşı bəllidir ki, o, nədən inciyər. Tutaq ki, haq-salamım olduğu hansısa bir müğənni sözünü bir başa özü deyil, mənə meneceri vasitəsi ilə deyirsə, bu məni incidir. Çünki belə bir hərəkət mənə qarşı böyük bir tərbiyəsizlikdir, mədəniyyətsizlikdir. O adamdan inciyə bilərəm. Neçə dəfə belə olub və incikliyimi də həmin müğənniyə bildirmişəm. Bu günə qədər də bildirirəm.



- Payız həssas, kövrək insanların fəslidir. Kimini ilhamlandırır, kimini də bir az kədərləndirir...

- Mən iqlimə, havaya görə kədərlənmirəm. Payızın gözəl çağı başlayıb, depressiyaya düşə bilmərəm. O mənə müsbətləri gətirir. İnsan nələrisə yaratmaq, oxumaq istəyir.



- Həyatda kürəyinizi kiməsə inanıb söykəyə bilirsinizmi? Belə insanlar var

- Mən bu yaşa qədər qəti qənaətə gəlmişəm ki, hər kəsdən sənin dayağın ola bilmə jestini gözləmək olmaz. Deyir, hər əlini kürəyinə sürtən adama dost demə, günün birində həmin o əlini kürəyinə çəkdiyi yerdən sancar. Bu elə belə misal deyil. Mənim şəxsən tək dayağım, ümidim Allahadır .Bir insanla dostluq etmək istəyəndə deyirəm ki, Allahım, sənə təvəkkül, elə olsun ki, o, məni məyus etməsin. Dostluğu bacarmırsa, bu başdan məndən uzaqlaşsın. İnsanı üzən sözlər, hərəkətlər ola bilər. Qeyri –sadiqlik məni çox kədərləndirir.

- Gününüzü necə keçirdirsiniz, qarfikiniz maraqlıdır....

- Mən əslində günümün qarfikini heç vaxt açıqlamıram. Hər saatın, dəqiqənin öz hökmü var. Necə alınacaqsa, o cür də yaşayacaqsan.

- Yenə də el şənliklərinə gedirsinizmi?

- Niyə də getməyim. Bəzən yarım saat, bəzən də 15 dəqiqə oxuyuram. Toya dəvət edəndə hər bir müğənninin nüfuzuna hörmətlə yanaşmalıdırlar. Danşıq və dəvətin də formaları var. Bu da bir mədəniyyətdir. Telefonu götürürsən, salamdan sonra neçiyə gedirsiniz, deyirlər. Belə etmək olmaz.



Tədbirlər, sənət dostlarımızın ad günləri olur, amma mən həmin yerlərə gedəndə çox otura bilmirəm, ona görə yox ki, mənim onlara rəğbətim yoxdur, xeyr , əksinə mənim qədər sənət dostlarına içdən, könüldən vurğun olan, sevən ikinci, üçüncü adam tanımıram. Onları ilk növbədə insan kimi, sonra sənətlərini sevirəm.

- Gərgin iş qrafikində ailə üzvlərinizə vaxt ayıra bilirsinizmi ? Nəvələriniz nənə qayğısı görürlərmi?

-Bəli həqiqətən işlər çoxdu, dediyim kimi yeni mahnılar və çox maraqlı bir layihə gəlir , amma ailə ücün vaxt hər zaman tapıram, zatən mən çox ailəcanlı bir insanam. Doğmalarımla kecirtdiyim zaman mənim ucun ən dəyərli vaxtdır.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nisə-Qasımova   Xalq-artisti  





Xəbər lenti