Miqrantları QARAlayan kimdir? - TƏHLİL
AzVision.az üçün
Nəhayət ki, Rusiya Federasiyasının prezidenti V.Putin Moskvanın Biryulovo rayonunda baş vermiş iğtişaşlarla bağlı mövqeyini açıqladı. Millətlərarası münasibətlər üzrə Şuranın iclasındakı çıxışında Rusiya prezidenti yaşanan hadisələrdə Moskvanın Cənub dairəsinin rəhbərliyini, Biryulovo rayon hakimiyyətini və polisi suçalndıraraq qeyd etdi ki, bu qurumların gəlmələrin özlərini açıq-aşkar ədəbsiz və sərbəst aparmaları barədə çoxsaylı şikayət və müraciətlərə məhəl qoymaması son nəticədə yerli əhalinin səbr kasasını doldurub.
Onun sözlərinə görə, bu cür hallar ağır münaqişələrə, o cümlədən də etnokonfessional zəmində toqquşmalara gətirib çıxarır. O ki, qaldı yerli hakimiyyət orqanlarının və polisin miqrantlarla bağlı şikayətlərə biganə qalmasına, istər hökumət, istər son hadisələri şərh edənlərin böyük əksəriyyəti, istərsə də yerli sakinlər bunun kökündə kütləvi korrupsiyanın dayandığını bildirirər. Belə primitiv yanaşma ondan xəbər verir ki, nə Rusiya hökumətinin, nə də ki, cəmiyyətin problemin əsas mahiyyətini etiraf etmək üçün siyasi iradəsi çatmır. Çünki, səbəb-nəticə ardıcıllığının pozulması və ya bilərəkdən tərsinə yozulması açıq-aşkardır.
Əgər həqiqətən də məsələ məmurlar zümrəsinin korrupsiyaya qurşanmasındadırsa, onda məntiqə görə “xalqın qəzəbi” heç də onsuz da təməl hüquqları təmin olunmayan miqrantlara deyil, əslində məmurlara qarşı çevrilməli idi. Və bu baxımdan, “xalqın qəzəbi”nin əsas səbəbi heç də miqrantların özlərini azğın aparmasında və məmurların özbaşınalığında deyil, Rusiya cəmiyyətində məharətlə ksenofobiya əhval-ruhiyyəsinin qızışdırılmasındadır. Özü də məhz etnokonfessional zəmində.
Belə ki, “xalqın qəzəbi” heç də yalnız gəlmələrə, özü də bütün gəlmələrə deyil, qeyri-slavyan milləltərin təmsilçilərinə, o cümlədən də Rusiya vətəndaşı olan qeyri-slvayanlara qarşı yönəldilir. Məsələn, 2006-cı il aprelin 1-də Kabarda-Balkar respublikasının mədəniyyət naziri Zaur Tutov Moskvada “Rusiya ruslar üçündür” şüarını qışqıran 3 şovinist tərəfindən möhkəm döyülüb. “Miss Rusiya-2013” müsabiqəsinin nəticələri açıqlanandan sonra qalib olduğu müəyyənləşən yarıtatar mənşəli 18 yaşlı Elmira Əbdrəzakovanın ünvanına sosial şəbəkələrdə elə təhqirlər yağdırılıb ki, o, öz səhifəsini ləğv etməli olub.
Rusiya Federasiyasını sırf rusların dövləti və rusların titullu millət olduğunu iddia edən şovinistlər münsiflər heyətinin Elmira Əbdrəzakovanın nəfinə qərarını təhqir kimi qiymətləndiriblər. İş o yerə çatıb ki, hətta hüquq-mühafizə orqanalrının əməkdaşları belə işlərdə sadə ruslara nümunə göstərməyə can atırlar. 2004-cü ilin sentyabrında Moskvada Rusiyanın qəhrəmanı, Rusiya vətəndaşı təyyarəçi-kosmonavt Maqomet Tolboyevin sənədlərini yoxlayan iki poliş əməkdaşı onu təhqir edib-döydükdən sonra xislətlərini bu sözlərlə ortaya qoyublar: “Rədd ol buradan, qarasifətli. Və öz həmyerlilərinə de ki, biz onsuz da sizin hamınızı boğub öldürəcəyik”.
Digər bir nümunə. Cari ilin iyulunda Sankt-Peterburqda bir qrup millətçi polisin yaxından iştirakı ilə ticarətlə məşğul olan miqrantlar arasında reyd keçirərək, onların meyvə-tərəvəzlə ticarət obyektlərini tar-mar ediblər. Ən maraqlısı isə budur ki, poliş əməkdaşlarının gözü qarşısında ifrat millətçilərin gəzdikləri maşınının üstündə “İrqi təmizlik sağlamlığın rəhnidir” şüarı yerləşdirilmişdi. Bu reallqdan sonra uzun illər ərzində Rusiya məhkəmələrinin etnokonfessional zəmində törətdikləri ağır cinayətlərə və çoxlu sayda adamı qətlə yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunan şovinistlərə əksər hallarda şərti və ya ən yüngül cəza kəsməsi elə də təəccüblü görünmür. Bəzilərini isə ömürlük həbs cəzası əvəzinə uzun müddətə qazamata göndərməklə mükafatlandırırlar.
2010-cu ilin oktyabrında Moskva şəhərinin məhkəməsi ekstremist cəmiyyətin üzvü olduğunu və milli nifrət zəminində 5 insanı qətlə yetirdiyini etiraf edən Dmitri Ufimsefin 22 il müddətinə azadlıqdan məhrum olunması barədə verdikt çıxarıb. Məişət zəminində 1 adamın qətlində ittiham olunan azərbaycanlı Orxan Zeynalovu isə ömürlük həbs cəzası gözlədiyi bildirilir. Və bu da maraqlıdır ki, elə son iğtişaşlar zəminində qətlə yetirilən bir özbəyin və bir azərbaycanlının qatillərini tapmaq üçün Rusiyanın hüquq-mühafizə orqanları elə də canfəşanlıq nümayiş etdirmirlər. Heç deyəsən belə fikirləri də yoxdur. Əvəzində kütləvi iğtişaşlar törətməyə görə həbs olunan 4 şovinist ancaq xuliqanlıqda suçlandırılır.
Əsas səbəblərdən biri də Rusiyada müxtəlif çeşidli partiyaların üzvlərinin, deputatların, mədəniyyət xadimlərinin, ziyalı təbəqənin təmsilçilərinin əsl ifrat millətçilik mərəzinə tutulması, yüksək kürsülərdən və telekranlardan qərəzli bəyanatlar səsləndirməsidir. Məsələn, Moskvada son mer seçkiləri zamanı heç bir namizəd nəinki ksenofobiyanı pisləməmiş, əksinə sanki millətçi şüarlar səsləndirmək müstəvisində açıq-aşkar yarışa girmişdilər. Və yaxud da ki, “Hansı millətlərdən olan gəlmələrə daha çox nirət edirsiniz?” kimi təxribatçı xarakterli sualların verildiyi sorğuların cəmiyyətdə hansı əhval-ruhiyyəni qızışdırdığını başa düşmək eləmi çətindir?
Bu baxımdan, Rusiyanın kütləvi informasiya vasitələrinin də günahı danılmazdır. Hələ 2011-ci ilin avqustunda Rusiyanın o vaxtkı daxili işlər naziri Rəşid Nurqəliyev KİV-ləri əksər hallarda ölkədə ksenofobiya əhval-ruhiyyəsini qızışdırmaqda ittiham etmişdi.
Məhz bütün bu sadlananlara görədir ki, Dünya iqtisadi forumunun apardığı rəy sorğusunun nəticələrinə əsasən, gəlmələrə səmimi və mehriban münasibət ölçüsünə görə Rusiya 140 ölkə arasında 138-ci yeri tutub. Yəqin ki, postsovet məkanında inteqrasiya proseslərini genişləndirməyə və dərinləşdirməyə can atan Rusiya Federasiyasının siyasi rəhbərliyi bunu ciddi siqnal kimi qəbul etməlidir.