"Bekarçılıqdan imtahan verdim, qəbul oldum" - 55 yaşlı tələbə

"Bekarçılıqdan imtahan verdim, qəbul oldum" - 55 yaşlı tələbə
  27 Avqust 2018    Oxunub:19804
Bu il Azərbaycanda ali məktəblərə qəbul olanlar arasında ən yaşlı tələbə Atakişi Ağayevdir. 1963-cü il təvəllüdlü Ağayev qəbul imtahanından uğurla keçərək Bakı İslam Universitetinin Dinşunaslıq fakültəsinə qəbul olub.
İlin ən yaşlı tələbəsi statusunu qazanan Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, o, imtahana maraq üçün qatılıb və qəbul olub.

“Çox şey bekarçılıqdan olur, sənədlərimi verdim, eşitdim ki, qəbul olmuşam. Peyğəmbərin sözü ilə desək, beşikdən qəbir evinə qədər öyrənirik. Gördüm ki, şagirdlər sənədlərini verir, mən də verdim. İmtahanda ən çox köməyimə çatan “Rus dili” fənni oldu. Qapı, pəncərəyə rus dilində nə deyilir, bu kimi suallar düşmüşdü. Onu da həyat təcrübəmdən bilirdim. Həm də kitab oxuyanam, televizora baxıram, internetdə məlumatlar toplayıram”.

Lənkəranda yaşayan A.Ağayev ödənişli əsaslarla qiyabi təhsil alacaq. İllik təhsil haqqı 1300 manatdır.

“Qəbul olunduğun barədə xəbəri eşitmək gözəl hissdir. İnsanlar qəbul ola bilməyədə özünü atır. Bu imtahan məni bir az da cavanlaşdırdı. Qohum-əqrabanın da münasibəti yaxşı oldu. Axırıncı dəfə məktəbə sənəd verəndə 32 yaşım var idi. Onda dedilər ki, ailə qurmaq lazımdır. Əmimoğlu 60 yaşında universitetə qəbul oldu, 5 il oxudu. Məktəbdə yaxşı oxuyan olmuşam, kitaba-dəftərə həvəsim olub. İslam dininə gəlincə, mollaya hər yaşda ehtiyac var. Hüquq və ya iqtisadiyyat deyil ki, desinlər qoca kişidir, işə götürməsinlər. Hazırda fərdi əməklə məşğulam. Tikinti işləri görürəm. Molla sözünün mənası dərindir, İslamda alimə molla deyilir. Lakin bizim bozbaş yeyən, pul hərisi mollalar bu adı korlayırlar”.

Ali təhsil müəssisələrinə qeydiyyat sabah başa çatsa da, A.Ağayev hələ universitetə sənədlərini təqdim etməyib.

“Bu gün Bakıya gəlmişdim, pul da gətirmişdim. Lakin bir uşaq gözündən əməliyyat olunmalıdır. Onu rayondan Bakıya gətirmişik. Uşağı sabah əməliyyat etsələr, pulu ora verəcəm, etməsələr oxumaq məsələsinə baxaram. Uşağın sağlamlığı daha əhəmiyyətlidir. İllik təhsil haqqını verən olsa, inkar etmərəm, gedib oxuyuram. Bundan öncə ali təhsil almamışan, yalnız orta təhsil və texniki peşə təhsillim var. 3 övladım var, 2-si oğlan, biri qızdır. Onlardan heç biri oxumayıb, amma oğlanların sənədləri var, çörək pullarını çıxarırlar. Hamısı ailə həyatı qurub, yəni çörək, paltar istəyinim yoxdur, oxumaq olar".

Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə   İmtahan   Məktəb  





Xəbər lenti