Türkiyədə lirə böhranı: Qardaş ölkəni nələr gözləyir?

Türkiyədə lirə böhranı: Qardaş ölkəni nələr gözləyir?
  16 Avqust 2018    Oxunub:4944
“Türkiyədə ciddi iqtisadi problemlər var. Hesab etmirəm ki, bu gün Türkiyə lirəsinin dəyərsizləşməsində əsas təsir ABŞ tərəfindən olub”
Son vaxtlar Türkiyə lirəsinin dəyər itirməsinin səbəblərini AzVision.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qardaş ölkədə dövlət quruluşunun yenilənməsi iqtisadi problemlərlə yanaşı, siyasi konyukturanın dəyişməsinə gətirib çıxarıb:

“Hesab edirəm ki, lirənin dəyər itirməsi buradan qaynaqlanan prosesdir. Sadəcə ABŞ prezidenti Donald Trampın məsuliyətsiz bəyanatları, davranışları, qərarları prosesin kontekstdən çıxarılmasını asanlaşdırdı, Türkiyə hökuməti üçün daha optimal şərait yaratdı. Yəni söhbət ABŞ-ın dollar üzərindən apardığı hər hansı bir əməliyyatdan getmir. Türkiyə lirəsində problemin kökü 2010-cu ildə yaranmışdı”.

R.Həsənov vurğulayıb ki, Qətərin Türkiyəyə 15 milyard dollar yatırım etməsi və bu qəbildən olan digər hallar qısa müddətli dövrdə nəyəsə təsir göstərə biləcək yardım məqsədli və ya təcili qəbul olunmuş qərarlardır: “Lirənin uzunmüddətli dövrdə möhkəmləndirilməsi üçün iqtisadi islahatların aparılmasına ehtiyac var. Türkiyədən xarici investisiyanı qaçıran əsas məqamlardan biri məhz institutların sıradan çıxması ehtimalı ilə bağlı yaranmış narahatlıqlardır. Düşünürəm ki, Türkiyədə hakimiyyət bölgüsü ən azı əvvəlki səviyyəyə qədər təmin olunmalıdır. Əks halda indiki idarəetmə və hazırkı yanaşma Türkiyədə iqtisadi kontekstdə effekt verməyəcək. Çünki Türkiyə iqtisadiyyatı xarici investisiyadan çox asılıdır”.



Ekspert hesab edir ki, heç bir dövlət bu kimi böhranlarla tarixdən silinib getmir. Sadəcə bu günə qədər Türkiyə xalqının alın təri ilə qazandığı gəlirlər qısa zamanda əriyir və yoxa çıxır. Bunun bərpası üçün zaman lazımdır.

"Bu zaman çərçivəsində dünya gözləmir, digər dövlətlər inkişaf edir. Türkiyə iqtisadiyyatı daha çox xarici investisiya cəlb olunması ilə böyüyən iqtisadiyatdır. Amma bu gün şərtlər Türkiyə üçün dəyişib. Çünki hər hansı bir səbəbdən investisiya üçün risklər formalaşır. Bu risklər fonunda investisyanın geri çəkilməsi prosesi başlayır. Bu, ən müxtəlif səbəblərdən ola bilər. Türkiyədə isə bu xüsusilə siyasi proseslərdən qaynaqlandı. Türkiyə əmək bazarında şərtlər dəyişir. Bu əmək qüvvəsinə çəkilən xərclərin artmasına gətirib çıxarır. Hətta türkiyəli investor belə böyük ölçüdə Çinə yatırımlar edir. Çünki Türkiyədə əmək qüvvəsinə çəkilən xərclərin artması ilə yanaşı, əmək məhsuldarlığı da Çinlə müqayisədə bir neçə dəfə aşağıdır. Bu isə faktiki olaraq hazırkı qlobal bazarlarda Türkiyədə istehsal olunan məhsulların rəqabət imkanlarını məhdudlaşdırır. Bu baxımdan Türkiyə mənşəli investisiya xaricə yönəlir. Bu son olaraq bir kataklizm yaratmalı idi və yaratdı. Düşünürəm ki, bunun nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün olmayacaq".



Bundan əlavə iqtisadçı-ekspert xatırladıb ki, bu gün Türkiyə biznesinin 380 milyard borcu var: “Biznes lirənin dəyərsizləşməsi fonunda son 4 ayda 230 milyard lirə əlavə borc yükü ilə üz-üzə qalır. Bu ilin ikinci yarısında Türkiyə biznesinin xaricə ödəmələri təxminən 95 milyard dollardır. Növbəti aylarda Türkiyə bazarında 95 milyard dollarlıq alış tələbi formalaşacaq. 15 milyardlıq Qətər investisiyası burada köməkçi faktor rolunu oynasa da, uzunmüddətli dövrdə ciddi təsirlər göstərməyəcək. Bundan başqa Türkiyənin xarici ticarətində defisit var. Bu defisit kifayət qədər böyükdür. Orta və qısa müddətli dövrdə defisit azalsa da, uzunmüddətli dövrdə, yerli istehsalatın borc yükündən qaynaqlanan problemlər və əhalinin alıcılıq qabiliyyətini itirməsi konteksində istehsalat prosesinin özündə pozulma gedəcək. Bu da uzunmüddətli dövrdə ixracda azalma trendinin formalaşmasına gətirib çıxaracaq, defisit böyüyəcək. Düşünürəm ki, Türkiyə iqtisadiyyatındakı təməl problemlər ciddi şəkildə həll edilməyincə, bu gün qəbul olunan qərarlar – Qətərin maliyyə yardımı, investisiya cəlb edilməsi, ölkə vətəndaşının əlindəki dollarları valyuta bazarlarında təklif etməsi, qısamüddətli pozitiv təsirləri ilə yadda qalacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Lirə   Dollar  





Xəbər lenti