Kinomuzun 70 yaşlı Nəsimisi: "Kiməsə möhtac olmadan yaşamaq istəyirəm"

Kinomuzun 70 yaşlı Nəsimisi: "Kiməsə möhtac olmadan yaşamaq istəyirəm"
  08 Avqust 2018    Oxunub:24353
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Uğurlu səhnə fəaliyyəti bir sıra orden, medallara və digər mükafatlara layiq görülən aktyor 70 yaşın təəssüratlarını AzVision.az-la bölüşüb.
- 70 yaşımı tamamlayıb qocalığa doğru bir addım da atdım. Ancaq qocalığa da getməyin fərqləri var. Adam var ki, uzun müddət yataqda qalır, yaşla bağlı xəstəliklərdən əziyyət çəkir, kiminsə ümidinə yaşayır və s. Doğum günümdə özümə arzum budur ki, yerdə qalan ömrümü kiməsə möhtac olmadan yaşayım. Bu özü böyük bir işdir.

- Kişilər haqqında adətən “yaş kişinin var-dövlətidir” deyirlər. Sizcə, yaş "var-dövlət"dir, yoxsa üst-üstə yığılmış illər?

- Bu böyük bir mövzunun sualıdır. "Var -dövlət" deyəndə ki, ömürdür, hərə onu bir cür yaşayır. Hər insanın öz bəxti, taleyi, peşəsi, yaşam tərzi var. Müxtəlif ömür yolları yaşayırlar.

Yaş Allah tərəfindən insana verilən paydır. Adamın uzun yaşaması Allahın əlindədir. Ona təşəkkürümü bildirirəm ki, mənə belə bir ömür yolu verib. Bu yolda azdan- çoxdan işləyib insanalara sevinc bəxş edə bilmişəmsə, xoşbəxtəm. Çəkildiyim filmlərə görə məni sayırlar, hörmət edirlər, mənim üçün böyük bir xoşbəxtlikdir. Ömürdür, istəsək də, istəməsək də geri qayıtmaq mümkün deyil. Tanrı nə qədər istəsə o qədər yaşayacağam. İstəyərdim ki, ömrümü filmlərə çəkilə-çəkilə, işlə başa vurum.



-“70” dən geriyə boylanıb, ömrünüzü kitab kimi vərəqləsəniz, ən çox hansı illərdə dayanıb xatirələrə dalarsınız? Hansı dövrlər sizə dogma gələr?

- Ən çox filmlərə çəkildiyim günlərə qayıtmaq istərdim. Hansı ki, başımı qaşımağa vaxtım olmurdu. O qədər məşğul olurdum ki, bir də görürdüm ki, il bitib.




- “70” il böyük bir zaman, vaxt aralığıdır. Bu illər ərzində hansı nəticəyə, fikirlərə gəldiniz? Fikrinizcə, insana həyatda nə lazımdır? O, həyatın mənasını nədə axtarmalıdır?


-Mən heç kimə yaşamı öyrədə bilmərəm, hər kəsin öz taleyi var. Allah hər kəsə öz ruzisini verib. Sadəcə arzu edərdim ki, insanlar yaşadıqları günlərə peşiman olmasınlar.



- Gözəl sənətkar olmaqla yanaşı, həm də istəkli babasınız. Nəvələriniz sizi adətən necə təbrik edirlər? Onların hansı hədiyyəsi ürəyinizə yağ kimi yayılır?

- Hələ bilmirəm. Yəqin gələcəklər... Hədiyyə gözləmirəm, onların özü mənim üçün hədiyyədir də...Bu gün böyük sənətkar Akif İslamzadənin də doğum gündür, eyni ildə anadan olmuşuq. Onu da təbrik edirəm. Dəyərli sənətkardır.





Şəhanə Rəhimli
AzVision.az


Teqlər: RasimBalayev  





Xəbər lenti