Güzəştli mənzillərin satışı ilə bağlı elan verildi

Güzəştli mənzillərin satışı ilə bağlı elan verildi
  01 Avqust 2018    Oxunub:10022
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verilib.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il tarixində saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il tarixi saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər: MİDA   güzəştlimənzil  





Xəbər lenti