Səhnəmizin güldürən adamı - FOTOLAR

Səhnəmizin güldürən adamı - FOTOLAR
  17 İyul 2018    Oxunub:43571
Bu gün Azərbaycanın mərhum teatr və kino aktyoru, Azərbaycan SSRİ Dövlət mükafatı, Əmək veteranı medalı, Xalq artisti Telman Adıgözəlovun doğum günüdür.
AzVision.az xəbər verir ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.



1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.



Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

Bir qızı, bir oğlu yadigar qalıb.















AzVision.az


Teqlər: Aktyor   Səhnə   Telman-Adgözəlov  





Xəbər lenti