Kənd təsərrüfatı ilə 3 günlük tanışlıq - FOTOLAR

Kənd təsərrüfatı ilə 3 günlük tanışlıq - FOTOLAR
  09 İyul 2018    Oxunub:8678
İyulun 6, 7 və 8-i tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki-Qax-Gəncə şəhərlərinə mediatur təşkil edilib. Mediaturda 20-yə yaxın jurnalist iştirak edib.

Mediaturun məqsədi ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri və görülən işlər barədə insanları məlumatlandırmaqdır.
KİV nümayəndələri öncə Oğuz rayonunun Kərimli kəndində sahibkar Elgün Məhərrəmovun tütün plantasiyası ilə tanış olublar.



Rayonun kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev jurnalistlərə bildirib ki, bir hektar tütünün gəliri, 30 hektar taxılın gəlirinə bərabərdir.

“Vətəndaşlar yaş tütünü yığıb qəbul məntəqəsinə təhvil verirlər. Tütünün bir kiloqramının qiyməti 20 qəpikdir. Xarici sort tütünün qiyməti isə 22 qəpikdir. Fermer bir hektardan 7000-8000 manat qazanc əldə edə bilir. Taxıldan bu gəliri almaq mümükün deyil. Tütünçülük həm də iş sahəsi deməkdir. Belə ki, rayonda gündəlik 250 nəfər bu sahə ilə məşğuldur. İstehsal etdiyimiz məhsul həm də ixraca gedir. Bizim əsas bazarımız Rusiya, Ukrayna, Belarusiyadır. Yığılan tütünün 20-30%-i daxili bazara, yerdə qalanı isə xaricə gedir”.



Bu işlə məşğul olanlar bildirirlər ki, tütünçülük sahəsi böyük zəhmət tələb edir və onlar çalışdıqları saata görə məvacib alırlar. Bu da hardasa ayda 300 -350 manata edir.

Növbəti marşurut Əkinçilik Elmi Tətqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində olub. Məntəqənin müdiri Məclum Şükürov deyib ki, məntəqə 1934-cü ildə yaradılıb, orada 18 nəfər elmi işçi çalışır ki, onlardan da 6-sı tədqiqatçıdır. Dayaq məntəqəsində seleksiya və toxumçuluq şöbəsi fəaliyyət göstərir.



“Seleksiyda ümumi bitkilərin seleksiyası ilə məşğul olunur. Elmi tədqiqatlar əsasən, buğda ilə bağlıdır. Yeni sortların yaradılması və onların ilkin toxumlarını istehsal edib fermerlərə ötürülməsi üzərində çalışırıq. Yeni sortların yetşdirilməsi ilə məşğul oluruq. Burada 300-dən artıq nümunə var. Bütün dünyadan toplanılıb və nümayiş səpini edilib. Bizim müəssisədə indiyə kimi 3 sort - “Şəki- 1” , “Ağəli” və “Marxal” sortları yaradılıb”.

Gəzintinin növbəti məntəqəsi "Şəki-İpək” ASC olub. Müəssisənin boyaq bəzək istehsalatının meneceri Qüdrət Quliyevin dediyinə görə, burada xanımların yaşlarına uyğun kəlağayılar istehsal edilir.



“İşimiz lazımı səviyyədədir. 3000 mindən çox insan işlə təmin olunacaq. İpəkdən olan bütün parçaları hazırlayacağıq. Biz aya 2000-3000 bir rəngli ipəklər istehsal edə bilirik. Kəlağayı əl əməyidir, texnika işləmir. Kəlağayının üzərində neçə rəng görürsünüzsə, hərəsi bir gün deməkdir. Ona görə də qiymətlərimiz bahadır, 35-60 manat arası dəyişir. Qiymətlər kəlağayının üzərindəki rənglərdən, naxışlardan asılıdır. 3 rəng varsa, 3 günə əmələ gəlir. Sifarişdən asılı olaraq rəng və naxışlar dəyişə bilər. Tələbat çoxdur, sifarişi çatdıra bilmirik”.



Turun ilk günü Qaxda ədrəddin Həsrətovun "Bal evi” arıçılıq təsərrüfatı ilə tanışlıqla bitib .



Növbəti gün Azərbaycan Dövlət Aqrar Universiteti ilə tanışlıq başlayıb. Rektor İbrahim Cəfərov jurnalistlərə maraq doğuran məlumatlar verib.

"Savadlı kadrların çoxalması üçün əlimizdən gələni edirik. İlk müasir yataqxana layihəsi Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilib. Bu il universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün 1,6 milyon manat, yeni tədris korpusunun tikintisi üçün 5 milyon manat, həmçinin gələn il universitet daxilində aqrar peşə məktəbi, aqrar kollec, məktəbəqədər müəssisə, innovasiyalar mərkəzi və daha bir yataqxana binasının tikintisi üçün 50 milyon manat vəsait ayrılıb”.



Rektor vurğulayıb ki, universitet Almaniyanın qabaqcıl təhsil müəssisələri ilə elmi mübadilə aparır: “Hər il ona yaxın tələbəmiz, həmçinin müəllim Almaniyaya göndərilir, oranın mütəxəssislər universitetimizə gələrək mühazirələr keçirlər”.



Mediaturun sonuncu günündə jurnalistlər Respublika Süni Mayalanma Mərkəzində olublar. Mərkəzin direktoru Ramiq Abbasov bildirib ki, müəsisə Azərbaycanda 2007-ci ildə layihə olaraq yaradılıb. Əsas məqsəd aqrar sahəni inkişaf etdirməkdir.



“Süni mayalanma yolu ilə buzovlar doğulandan sonra fermerlər, sahibkarlar bu işlə maraqlandılar. Bina Fransa layihəsi üzərində qurulub. Bura Süni Mayalanma Mərkəzi olmaqla bərabər regional təlim mərkəzi rolunu da oynayır. 6 cins üzrə 36 baş heyvan var. Qapalı müəsisədir. Tövlə və labarotoriyaya giriş qəti qadağandır. Mərkəzdə öz kadrlarımız və mütəxəsislərimiz çalışır. Müxtəlif şirkətlər və təsərrüfatlar bizə sifarişlər verirlər”.



Növbəti baş çəkilən məkan isə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu olub. Direktor Mahir Hacıyevin sözlərinə görə, institutda 82 cins ipəkqurdu yetişdirilir ki, onlardan 50-si yerli genefond sayılır, 32-si isə xaricdən gətirilənlərdir.

Nazirliyin təşkil etdiyi mediatur Ucar Pambıq Emalı Zavoduna səfərlə yekunlaşıb.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kənd-təsərrüfatı   Mediatur  





Xəbər lenti