Niyə kişi voleybolumuz qadınlara çata bilmir?
Bu gün Azərbaycanda idmanın bütün növlərinə dövlət səviyyəsində böyük diqqət və qayğının olduğu heç kimə sirr deyil. Ancaq gəlin görək bu, diqqət və qayğı fonunda bütün idman federasiyaları öz işlərini lazımi formada qura bilirlərmi?
Kişilərdən ibarət milli komandamız sonuncu dəfə bu ilin may ayında dünya çempionatının I təsnifat mərhələsində mübarizə apardı və Xorvatiyada təşkil olunan seçmə oyunlarda 4 komanda arasında yalnız 3-cü ola bildi. Yığmamız Xorvatiya, Bosniya-Herseqovina və Hollandiya milliləri ilə keçirdiyi oyunların yalnız birində qələbə qazandı. Komandamızın sözügedən yarışa hazırlaşdığı bir vaxtda, təlim-məşq prosesinin yekunlaşdığı məqamda bolqarıstanlı baş məşqçi Plamen Xristov ölkəmizi tərk etdi. Xristovun müəmmalı gedişinin səbəbi isə hələ də qaranlıq qalır.
Bu gün ölkəmizdə kişilərdən ibarət peşəkar klub yoxdur. Düzdür, Azərbaycan Voleybol Fderasiyası rəsmilərinin sözlərinə görə, hər il ölkə çempionatı keçirilir. Ancaq peşəkar klubun olmamağı Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil etməyə mane olur. Bunun da səbəbi sponsorların olmamasıdır.
Maraqlıdır, qadın voleybol klublarının yüksək səviyyədə maliyyələşdirildiyi bir vaxtda kişi komandalarına biganə münasibətin səbəbi nədir? Görəsən bu problem nə vaxta kimi davam edəcək? Bəlkə də, bu gün qadın voleyboluna ayrılan vəsaitin yarısının yarısı kişi voleyboluna yönəldilsə, vəziyyət başqa cür olardı. Əlimizdən ümid etməkdən başqa ayrı iş gəlmir. Atalarımız demişkən, ümid sonda ölür.
Teqlər: