Manyak yuxularına bənzəyən xəbərlər - Murad Köhnəqala yazır
AzVision.az üçün
Kəndimizdə Zəhra adlı bir qız vardı, uzun müddət ərə getməmişdi. Evdə qalıb qarımağın stressi və ağıldan bir balaca anormal olması psixikasını bərbad hala salmış, onu müəyyən mənada manyaka döndərmişdi. Kəndin bütün xəbərlərini qonşulara səhər-səhər ən birinci o çatdırırdı. Xırda bir əhvalatı şişirdib danışmaq istedadı vardı.
“Zəhra, ölüm-itimdən başqa söhbətin yoxdumu?” - deyəndə tezcə mövzunu dəyişər, söhbəti hərləyib-fırlayıb yenə ölüm işlərinə gətirərdi. Hərdən lap ifrata varar, öləni yuyat taxtasına necə qaldırdıqlarını, meyitin kim tərəfindən yuyulduğunu, tabutu kimlərin apardığını, cənazəni qəbirə sallayanda arvad-uşağın necə ağlayıb özündən getdiyini təfsilatı ilə danışardı.
Kənddə ölüm hadisəsi olmayanda yuxuları onun köməyinə gəlirdi. Danışdığı yuxularında da hər dəfə kəndin bir sakinini öldürüb dəfn eləyirdi.
Zəhra əsasən gənc adamın ölüm xəbərini çatdıranda coşqu içərisində olurdu. Onun yuxularında dəfn elədiyi adamlar kəndimizin gəncləri olurdu. Gənclər ya maşın qəzalarında “ölür”, ya da bir-birini qız üstə bıçaqlayıb “öldürürdülər”. Zəhranın yuxularında ən çox toy karvanının maşınlarından biri dəmiryol keçidində qatarla toqquşar, içərisində dörd gənc “ölərdi”. Ölənlərin ən azı biri nişanlı olmalı idi. Ölən bir gənc nişanlı olmayanda Zəhraya ləzzət eləmirdi.
Zəhra maşın qəzasında ölənlərin “meyitlərini” əzilmiş maşından “çıxartdırar”, xəbəri eşidən oğlanın bacısını “özündən getdirər”, anasının “saçlarını yoldurtdurub sinəsini cırdırardı”. Əsas nişanlısı idi, nişanlısı isə “havalanıb dəli olardı”.
Zəhra o biri “ölənləri” də kilimə büküb qanlı-qanlı evlərinə “gətirər”, əzizlərini bir-bir “ağlatdırar”, “bayıldar”, “üzünə su səpib özünə gətirərdi”. Onların “qəbirlərinin” üstünü götürdər, “baş daşlarına” yaraşıqlı şəkillərini “yapışdırardı”.
Zaman keçdikcə Zəhra ölüm xəbəri, dəfn işləri üzrə püxtələşər, təcrübəsi artardı. Dinləyicilərini itirməmək üçün reportajlarını daha rəngarəng eləyər, qonşu kəndlərin qara xəbərlərindən də danışırdı. O, get-gedə miqyası genişləndirərək rayondakı bütün faciəvi xəbərləri öz inhisarına almışdı...
...Bu yaxınlarda baxdığım bir televiziyanın kriminal proqramında aparıcının xəbərləri deyə-gülə çatdırması dəli Zəhranın ölüm ehtiraslarını yadıma saldı. Üzündə xoşbəxt təbəssümü olan gənc aparıcı kriminal xronikanı təxminən belə sadalayırdı:
Filan rayonda gənc ana əri ilə dalaşdıqdan sonra öz körpə uşağını baltalayaraq qətlə yetirmişdi. Balta körpənin çanaq sümüyünü yararaq beyin qatığını çarpayının üstünə dağıtmışdı. Yataq ağına dağılmış qanlı beynin yaratdığı mənzərə qar üstünə səpələnmiş al qərənfil ləçəklərini xatırladırdı...
Bir xoş xəbər! Nəhayət ki, Bakının filan rayonunda yüngül həyat tərzi keçirən 45 yaşlı anasını bıçaqlayaraq qətlə yetirən oğulun istintaqı başa çatdı. Gəlin cinayətkarın özünü dinləyək.
- Ananı nə üçün qətlə yetirdin?
- Atam bizdən ayrılandan sonra anam yad kişilərlə əlaqə saxlayırdı. Ona deyirdim, belə eləmə, ancaq o, mənim sözümə baxmırdı, “mənim işimə qarışma” deyirdi. Küçədə uşaqların üzünə çıxa bilmirdim. Axırda bıçağı götürüb üstünə cumdum. “Oğul, məni öldürmə” deyə yalvarırdı. Yalvarışlarına baxmadım, bıçağı qarnına soxub bağırsaqlarını çölə tökdüm. Sonra da bax, belə tutub başını kəsdim!
- Çox maraqlıdı, bəs ananın başını kəsərkən bağırsaqları sənə mane olmurdu?
- Yox! Çünki mən ayaqlarıma rezin çəkmə geymişdim.
- Əla! Bravo! Demək, sən bu işə ciddi hazırlaşmısanmış!
Sağ olun, əziz tamaşaçılar! Kefiniz həmişə beləcə kök olsun! Bizdən ayrılmayın!
Teqlər: Xəbərlər aparıcılar