Dünyanın “qaranlıq təcrübəsi”: Heç kim sığortalanmayıb – SİYAHI

Dünyanın “qaranlıq təcrübəsi”: Heç kim sığortalanmayıb – SİYAHI
  04 İyul 2018    Oxunub:36664
Əlbəttə, yayın istisində kodisionersiz, susuz, nəqliyyatsız qalan, metroda və liftlərdə təhlükə ilə üzləşən insanların qəzəbini başa düşürük. Normal həyat ritminin pozulması həmişə insanı narahat edir, əsəbləşdirir. Amma gərək nəzərə alaq ki, biz texnogen cəmiyyətdə yaşayırıq, belə cəmiyyətdə isə texniki qəzalar həmişə hər yerdə olur və olacaq. Hətta ən yüksək inkişaf səviyyəsinə malik dövlətlər də bundan sığortalanmayıblar. Buna əmin olmaq üçün sadəcə, dünya təcrübəsinə baxmaq yetərlidir.
Yeni əsrin ilk böyük “blackout”-u 2003-cü ilin 14 avqustunda ABŞ və Kanadada baş verib. Əvvəlcə Klivlenddə eynilə bizdəki kimi, isti keçən yay zamanı enerjiyə tələbatın kəskin artması nəticəsində qızmış naqillərin vaxtında budanmayan ağaclara toxunması ilə qısaqapanma baş vermişdi.



Nəticədə elektrik stansiyasını idarə edən kompüter şəbəkəsi çökmüş, Klivlend Elektrik Stansiyası dayanmış və zəncirvari qaydada 100 digər stansiyanın da sıradan çıxmasına səbəb olmuşdu. Böyük şəhərlərdə, o cümlədən, Nyu-Yorkda metro dayanmış, mobil rabitədə problem yaranmışdı. ABŞ-da 40, Kanadada 10 milyondan çox insan işıqsız qalmış, dəyən ziyan 6 milyard dolları aşmışdı.



2003-cü ilin 18 avqustunda İnquri İES-də baş verən qəza nəticəsində bütün Gürcüstan işıqsız qalmışdı. Xəstəxanalardan tutmuş, metroya qədər hər yerdə böhran yaranmış, hətta mərkəzi televiziya qülləsi də yayımı dayandırmışdı.

Həmin ilin 28 avqustunda London və Britaniyanın cənub-şərq rayonları elektriksiz qalmışdılar. Metro və tramvaylar dayanmış, küçə lampaları, svetaforlar söndüyü üçün şəhərdə nəqliyyat xaosu yaranmışdı. 250 min insanı metrodan evakuasiya eləmək lazım gəlmişdi. Səbəb - transformator sistemində baş verən qəza idi.



2004-cü ilin yanvarın 22-də güclü qar nəticəsində İstanbulun Avropa hissəsi bütünlükdə qaranlığa qərq olmuşdu. İyulun 12-də Afinada 6 milyon insan işıqsız qalmışdı. Noyabrın 22-də isə Varşavada baş verən “blackout” nəticəsində hətta Frederik Şopen adına aeroport da işini dayandırmış, təyyarələri başqa yerlərə istiqamətləndirmək lazım gəlmişdi. Xoşbəxt təsadüf nəticəsində, işıqlar sönərkən metronun bütün qatarları stansiyalarda olmuşdular, heç kim tuneldə qalmamışdı.

2006-cı ilin 14 avqustunda Tokioda kran gəmisinin Edoqava çayı üzərindən çəkilmiş yüksək gərginlikli elektrik xəttini qırması nəticəsində bütün şəhərdə həyat donmuşdu. Tokiodan başqa, Kavasaki və İokohama şəhərlərində də milyonlarla ev işıqsız qalmışdı.

Həmin ilin 5 noyabrında Qərbi Avropada havaların soyuq keçməsi nəticəsində insanların qızdırıcı cihazlardan çox istifadə etməsi əvvəlcə Almaniyada qəzaya səbəb olmuş, sonra bu, zəncirvari reaksiya şəklində Fransa, İtaliya, Belçika və İspaniyaya da yayılmışdı. Əksər magistral sürət qatarları yolda qalmışdılar.



2009-cu ilin noyabrın 10-da Braziliyada yüksək gərginlikli elektrik xəttində baş verən qəza 50 milyondan çox insanı işıqsız qoymuşdu. Daha sonra zəncirvari qəza Uruqvay ərazisinə də keçmişdi.

2012-ci ilin 31 iyulunda Hindistanda baş verən böyük “blackout” 600 milyondan çox insanı 8 saat ərzində işıqsız qoymuşdu. Metro tam dayanmış, svetoforlar sönmüş, məktəblər, xəstəxanalar işıqsız qalmışdılar.



...Bu cür misalları xeyli artırmaq da olar. Elə təkcə keçən il Rusiya ərazisində bir neçə böyük, hər biri milyonlarla insanın həyatında narahatlıq yaradan “blackout” yaşanıb. Texnogen qəzalardan heç kim sığortalanmayıb, bunlar qaçılmazdır. Belə hallarda sadəcə, təmkinli olmaq və necə davranmağı bilmək lazımdır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: İşıq   Elektrik   Blackout  





Xəbər lenti