Niyə yenə Ərdoğan? - 24 iyunla bağlı vacib detallar
Parlament seçkilərinə keçirilən səsvermədə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Parlamentdəki 600 mandatın 293-ünü AKP qazanıb. 146 mandat Cümhuriyyət Xalq Partiyasının, 67 Xalqların Demokratik Partiyasının (HDP), 49 Millətçi Hərəkat Partiyasının, 45 mandat isə İYİ Partiyanın payına düşüb.
Türkiyədə keçirilən növbədənkənar seçkiləri AzVision.az-a şərh edən politoloq Sahil İskəndərov bildirib ki, Ərdoğanın qələbə qazanacağı gözlənilən idi.
“Türkiyədə keçirilən prezident və parlament seçkilərində qeyri-adi heç nə baş verməyib. Rəcəb Tayyib Ərdoğanın prezident, partiyasının isə parlament seçkilərində qalib gəlməsi gözlənilən idi. Düşünürəm ki, nəticələr Türkiyə cəmiyyətində hökm sürən ab-havanın göstəricisidir. Türkiyənin Qərb müttəfiqləri ilə münasibətdə Ərdoğanın tutduğu prinsipial mövqe, dövlət və milli maraqlardan çıxış etməsi, 2 il bundan əvvəl baş verən dövlət çevrilişinə cəhddə Ərdoğanın siyasi fiqur kimi çox böyük xallar qazanması, ümumiyyətlə onun həmin dövrdə tutduğu qətiyyətli mövqe, çevik hərəkətlə ölkənin xaosa sürüklənməsinin qarşısını alması cəmiyyətin yaddaşından silinməyib. Hesab edirəm ki, bunlar Ərdoğan və partiyasının seçkidən qalib çıxmasını şərtləndirən əsas amillərdir”.
S.İskəndərov qeyd edib ki, Ərdoğan və partiyasının seçkidən qalib çıxmasına Azərbaycanla birgə həyata keçirilən layihələrin də böyük xidmətləri olub: “TANAP layihəsinə start verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması Türkiyəni güclü regional dövlətə çevirib. Bu məsələdə qardaş Azərbaycanın, şəxsən prezident İlham Əliyevin də bu siyasətdə köklü payı var. Təsadüfi deyil ki, İlham Əliyev Ərdoğanı təbrik edən ilk dövlət başçısı olub. Bütün bunlar Ərdoğana Türkiyə cəmiyyətində çox müsbət xallar qazandıran məqamlardır”.
“Son vaxtlar təkcə Türkiyədə yox, dünyada ölkə başçılarının və hakim partiyaların ilk növbədə xarici siyasətdə qazandığı uğurları cəmiyyət tərəfindən nəzərə alınır. Qlobal güclərin bu və ya digər dövlətlərə təzyiq göstərmə cəhdləri qarşısında, cəmiyyət tərəfindən əsas uğur kimi xarici siyasətdə ölkə rəhbərliyinin qazandığı xallar nəzərə alınır. Ərdoğanın yürütdüyü siyasətdə qazanılan belə xalların çoxluğu onun qalib gəlməsində əsas rol oynayan amillərdən biridir. Amma əsas məsələ hər bir hökumətin daxili siyasətinin nə dərəcədə uğurlu olmasıdır. Yəni insanların maddi-rifah halının yüksəldilməsi, sosial problemlərinin həll edilməsi. Bunlar hər cəmiyyət üçün əsas faktorlardır. Çox təəssüf ki, bu faktorlarda Qərb tərəfindən spekulyativ və pərdəarxası məkrli planların gizləndildiyi görünür. Əgər dövlətin xarici siyasət müstəvisində atdığı addımlar uğurludursa, bu və ya digər formada daxili siyastdə, iqtisadi-sosial problemlərin həllində, insanların maddi-rifah halının yüksəldilməsinə transformasiya olunur. Yəni uğurlu xarici siyasət, son məqamda daxili problemlərin və ziddiyətlərin aradan götürülməsinə birbaşa kömək edən amildir. Bu baxımdan düşünürəm ki, hər bir cəmiyyət dövlət başçısı seçiləcək şəxsin yürütdüyü xarici siyasət mühüm rol oynayır. Ərdoğanın apardığı xarici siyasət Türkiyəni artıq Qərbin yedəyində getməməsinə gətirib çıxarıb. Eyni zamanda prinsipial mövqe sərgiləməsi, Türkiyəni kimlərinsə oyununda alətə çevirməsinə imkan verməməsi bu qələbəyə gətirib çıxarıb”, - deyə S.İskəndərov deyib.
Politoloq Fikrət Sadıqov da hesab edir ki, Türkiyədə keçirilən seçkilərin nəticələri gözlənilən idi: “Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın reytinqi yüksəkdir. Onun qələbəsindən az miqdarda insan şübhə edirdi. Ancaq nəticələr göstərir ki, Ərdoğan kifayət qədər nüfuza malikdir və onun seçiləcəyi gözlənilən idi”.
“Seçkidən sonra yeni siyasi mənzərə açılacaq. Qərblə münasibətlərin yeni mərhələsi başlanacaq. Ərdoğan xalq tərəfindən seçilən prezident kimi özünə inamlı olacaq. Bu bir sıra qərarların qəbul olunmasına müəyyən şərait yaradacaq”, - deyə F.Sadıqov bildirib.
Elvin Abdulqədirov
AzVision.az