Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yarışın başlanmasını elan edən FAİREX-in baş hakimi, federasiyanın vitse-prezidenti Valeri Bağırov hakimləri və idmançıları salamlayaraq, turnir iştirakçılarını yarışın qaydaları və şərtləri ilə tanış edərək onlara uğurlar arzulayıb.
Mərhum Azərbaycan dağçısı A.Rüstəmovun xatirəsi Təşkilat Komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edildikdən sonra turnirə start verilib.
Qeyd edək ki, bu turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur və artıq belə yarışların keçirilməsi FAİREX tərəfindən ənənəvi hal alıb.
Xatırladaq ki, A.Rüstəmovun unudulmaz xatirəsinə həsr olunmuş turnir ilk dəfə məhz FAİREX tərəfindən təşkil edilmişdir. Belə ki, ilk yarış 17 may 2010-cu il tarixində Nardaran qayalıqlarında keçirilmiş və Akif Rüstəmovun unudulmaz xatirəsinə həsr edilən "Ümid" qayadırmanma turnirində yeniyetmələr və gənc idmançılar iştirak etmişlər.
Bu gün də FAİREX tərəfindən bu ənənə davam etdirilir.
Qeyd edək ki, turnir 2 gün davam edəcək.