ATƏT-in bundan sonrakı seçkilərə dəvəti sual altındadır

ATƏT-in bundan sonrakı seçkilərə dəvəti sual altındadır
  12 Oktyabr 2013    Oxunub:1485
Azərbaycanda keçirilmiş prezident seçkiləri digər ölkələrdə keçirilmiş seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, vurğulayıb ki, ABŞ Dövlət Departamentinin 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir:

`ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ABŞ-la birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək, özünün istədiyi formada istifadə edir. Demokratiya və insan hüquqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək olar`.

N.Məmmədov, bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurduğunu qeyd edib:

`98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞPA, Avropa Parlamenti, QDİƏT PA, TürkPA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb. ABŞ-da sadə insanların seçdiyi konqresmen, senator və digər seçkili orqanların təmsilçilərinin bu seçkiləri ədalətli və şəffaf qiymətləndirməsi ilə Dövlət Departamentinin birmənalı şəkildə ifadə etdiyi tənqidi fikir heç bir şəkildə üst-üstə düşmür`, deyə N.Məmmədov əlavə edib.

Onun sözlərinə əsasən, AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA kimi təşkilatların müşahidə missiyaları seçki prosesinin müşahidəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, bu məqsədyönlü şəkildə belə edilib. Seçki prosesindən xəbərsiz və bununla bağlı mövqe bildirmək iqtidarında olmayan insanların müşahidə missiyasına daxil edilməsi əvvəlcədən qərarlaşdırılıb rəyin yekunda qəbul edilməsini təmin etmək üçün atılmış addımdır.

`Təəssüflər olsun ki, belə münasibət ATƏT-in bundan sonra keçiriləcək seçki prosesinə dəvət edilməsinin məqsədəuyğunluğunu sual altında qoyur`, deyə N.Məmmədov əlavə edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti