Məşhur müəllimlə direktorun davasına son qoyuldu

Məşhur müəllimlə direktorun davasına son qoyuldu
  24 May 2018    Oxunub:1764
Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Astan İbrahimov Gəgiran kənd tam orta məktəbinin müəllimi, sosial şəbəkələrdə yayılan videoları ilə məşhurlaşan Həbib Əlizadənin polisə çağrılması məsələsinə aydınlıq gətirib.
A.İbrahimov AzVision.az-a açıqlamasında bildirib ki, gənc müəllimlə məktəb direktoru arasında yaranan anlaşılmazlıq artıq həll olunub.

“Həbib Əlizadə polis idarəsində uzun müddət qalmayıb. Məktəb rəhbərliyi ilə onun arasında xırda problem, anlaşılmazlıq olub. Artıq məsələ həllini tapıb. Biz Təhsil Şöbəsi olaraq məktəb rəhbərliyini və qabaqcıl müəllimi müdafiə edirik. Məktəb direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinin imtahanında mümkün 60 baldan 51-ni toplayaraq 2 il əvvəl təyinat alıb, gənc kadrdır. Həbib Əlizadə də gəncdir, layihələrdə iştirak edir, biz onu dəstəkləyirik”.

A.İbrahimov qeyd edib ki, Həbib Əlizadənin şagirdləri Bakıya aparması üçün hər bir şərait yaradılacaq.

“Müəllim şagirdləri Bakıya aparmaq istəyirsə, problem yoxdur. Sənədləşmə ilə bağlı problemləri yaranıb, direktor da ehtiyat edib ki, müəllim bunu tezləşdirə və uşaqları apara bilər. Ziyyədin müəllim uşaqların qida, nəqliyyat təhlükəsizliyi barədə narahatlıq keçirirdi. Artıq problem həll olunub. Biz də daim onları nəzarətdə saxlayırıq”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə AzVision.az-a bildirilib ki, məsələ araşdırılır və araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Həbib Əlizadə sosial şəbəkədə polis idarəsinə çağrılması ilə bağlı məlumat yayıb. O bildirib ki, çalışdığı məktəbin direktoru ondan polisə şikayət edib. Səbəb kimi onun şagirdləri rəhbərlikdən icazəsiz ekskursiyaya aparması göstərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti