Türkiyə İsrailə qarşı “iqtisadi hücum”a keçir - (VİDEO)

Türkiyə İsrailə qarşı “iqtisadi hücum”a keçir - (VİDEO)
  22 May 2018    Oxunub:2817
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dövlətlərini İsrailə qarşı iqtisadi dirəniş göstərməyə çağırıb.

AzVision.az xəbər verir ki, Ərdoğan bu barədə Bosniyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin İsrail məhsullarını boykot edəcəyinə ümidvar olduğunu bildirib.
“İƏT-in sonuncu toplantısı çərçivəsində qəbul etdiyimiz bəyannamədəki tövsiyyəyə uyğun olaraq, üzv dövlətlərin İsrail məhsullarını boykot edəcəyinə ümid edirəm. Və nəticə etibarilə, bundan sonra İsraildən heç bir məhsul alınmamalıdır. Türkiyə də analoji şəkildə fəaliyyətə keçəcək. Biz İsraillə münasibətlərimizə, xüsusən də, iqtisadi və ticarət sferalarındakı əlaqələrimizə yenidən nəzər salacağıq. Qarşıdakı seçkilərimiz bitəndən sonra, biz bu istiqamətdə müvafiq addımlar atacağıq" - deyə Ərdoğan vurğulayıb.



Qeyd edək ki, İƏT-in mayın 18-də istanbuldakı təcili toplantısının yekunlarına dair qəbul olunan bəyannaməsində, ABŞ-ın ardından səfirliyini Qüdsə köçürən dövlətlərə qarşı iqtisadi məhdudiyyətlərin tətbiq olunması tövsiyyə edilib.

Xatırladaq ki, mayın 14-də ABŞ İsraildəki səfirliyini rəsmi olaraq Qüdsə köçürüb. Buna etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 62 fələstinli ölüb, 3 mindən çoxu yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qüds   Türkiyə   sanksiya   ABŞ  





Xəbər lenti