Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı (VİDEO)

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı (VİDEO)
  16 May 2018    Oxunub:187997
Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb.
L.Əhmədova AzVision.az-a açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.



“Sınaq imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm. 3 il əvvəl qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam “Riyaziyyat” müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən hazırlığa getmişəm, amma “Riyaziyyat”dan isə məni qardaşım hazırlaşdırıb ”.

Rekordçu Leyli oxuyacağı təhsil ocağını hələ seçməkdə tələsmir: “Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm”.

Leyli, həmçinin çox oxumaqdan gözlərinin zəfilədiyini söyləyib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirib. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.





Aytən Zəhra
AzVision.az


Teqlər: 700-bal  





Xəbər lenti