Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb
  14 May 2018    Oxunub:1524
Ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Vəkillər Kollegiyasından AzVision.az-a verilən məlumata görə, son zamanlar aparılan müşahidələr, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanmışdır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılmış, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülmüşdür.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaqdır.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası   Vəkil  





Xəbər lenti