Misirdə AXC-nin 100 illiyi qeyd olunub
Tədbir iştirakçıları Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli filmə baxıblar. Sonra Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan “Azərbaycanın milli paltarları ” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirin konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu tərəfindən mahir şəkildə ifa olunan, “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” rəqsləri ilə davam edib.
Daha sonra əməkdar incəsənət xadimi Səlim Abbasovun ifasında populyar Azərbaycan və Ərəb musiqiləri səsləndirilib. İstedadlı kəman ustasının spesifik ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi logosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.
Azərbaycanın Misirdəki Səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul və konsert proqramı haqqında xəbər və reportajlar artıq televiziya kanalında yayımlanıb, ölkədə nüfuzlu və yüksək tirajlı qəzetlərdə çap olunub.
AzVision.az