“Bəyin oğurlanması” filminin səhnəarxası əhvalatları - FOTOLAR

“Bəyin oğurlanması” filminin səhnəarxası əhvalatları - FOTOLAR
  12 May 2018    Oxunub:28796
Otuz ildən çoxdur ki, sevə-sevə baxdığımız “Bəyin oğurlanması” filminin bir çox epizodları ucqar kənddə - Şamaxının Məlhəm kəndində çəkilib. Aradan uzun illər ötsə də, filmin çəkilişləri, xüsusən səhnəarxası əhvalatları hələ də yaddaşlardan silinməyib.
Korifey sənətkarları - Həsənağa Turabovu, Səyavuş Aslanı, Nəsibə Zeynalovanı, Səməndər Rzayevi, Hacı İsmayılovu, Yaşar Nurini, Arif Quliyevi və digərlərini yaxından görməyin özü o vaxt kənd adamları üçün hadisə idi. Həmin günlərin şahidi olan sakinlər öz xatirələrini bölüşüblər.



Belə məlum olub ki, çəkilişin aparıldığı 1985-ci ilin sentyabr-oktyabr aylarında səhnəarxası xeyli maraqlı əhvalatlar baş verib. Çəkilişlərin bir hissəsi kənd sakini Nəsib Nəsirovun evində aparılıb. Toy səhnəsi isə həmin evlə üzbəüz qonşunun - Mirələm Əmirovun həyətində lentə alınıb.



Kütləvi səhnələrin iştirakçılarının əksəriyyəti kənd camaatı idi. Gəlin köçən və toya hazırlıq səhnələrində də əsasən sakinlər çəkilib. Əslində onlar adi kənd toyundakı işlərini görürdülər. Təbii olsun deyə, rejissor bu səhnələrə mümkün qədər az müdaxilə edib. Nəticədə film çox təbii alınıb və tamaşaçıya sevdirən aktyor oyunu ilə yanaşı, həm də bu təbiilikdir.



Filmin kadrarxası maraqlı epizodlarından biri ötən il 85 yaşında vəfat etmiş kənd sakini Rəhilə Əhmədova ilə aktyor Hacı İsmayılov arasında olan söhbətdir. Belə ki, kütləvi səhnələrdə fəal iştirak edən bir qrup kənd sakinindən pasportlar yığılır və onların hər birinə pul hesablanır. Pullar verilərkən Rəhilə Əhmədova soruşur:



Bəs mənim eşşəyimin pulu hanı? Axı, kino çəkəndə onu maşın vurmuşdu.

- Hə, düz deyirsən, gör necə yaddan çıxıb. - Hacı İsmayılov deyir. - Tez ol, get eşşəyinin pasportunu gətir, ona da pul hesablansın.



Bir əhvalat da yerli partiya təşkilatının katibi ilə Həsənağa Turabov arasında olub. Çəkiliş aparılarkən üzüm yığımının qızğın çağı idi. Adamların cəmləşdiyi bir səhnə ekranlaşdırılarkən katib gəlir və təsərrüfat işlərinə mane olduqları üçün çəkiliş qrupunu acılayır. Bərk mübahisə düşür, hətta tərəflər bir-birini təhqir edirlər. Məsələ böyüyərək rayon partiya komitəsinə, milisədək gedib çıxır... (AzərTAc)





AzVision.az


Teqlər: Bəyin-Oğurlanması   Film   Şamaxı  





Xəbər lenti