Dövlət agentliyinə əlavə səlahiyyətlər verildi

Dövlət agentliyinə əlavə səlahiyyətlər verildi
  11 May 2018    Oxunub:2125
Prezident İlham Əliyev “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, fərmana əsasən iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Bundan başqa Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Səhiyyə Nazirliyi iyulun 1-dən təhlükəli yeyinti məhsullarının və qida məhsullarının idxalından sanitariya mühafizəsini təmin etmək vəzifəsindən də məhrum olacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.

Həmçinin bu il iyulun 1-dən Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını yalnız Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.

Hazırda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyasını İqtisadiyyat Nazirliyi, taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını isə Səhiyyə Nazirliyi həyata keçirir. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı səlahiyyətləri olacaq:

- taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

- taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

-müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

- taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;

- taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.

AzVision.az


Teqlər: AQTA   İlham-Əliyev  





Xəbər lenti