Cəmil Quliyev vəzifəsindən ayrıldı - İTV-də yeni rəhbər
Bu barədə AzVision.az-a İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından bildiriblər.
Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib. Məsələ ilə əlaqədar açıqlama verən C.Quliyev deyib ki, səhhətində yaranmış problemlər, eyni zamanda, həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.
Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzulayıram.
Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”.
AzVision.az
Teqlər: İTV Cəmil-Quliyev